Azərbaycandan Rusiyaya pomidor və alma idxalı qadağan olunur

Arxiv fotosu

Söhbət alma və pomidorda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdunun aşkarlanmasından gedir

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti (“Rosselxoznadzor”) dekabrın 10-dan Azərbaycandan Rusiyaya alma və pomidor idxalını qadağan edir. Qurum qadağanı həmin məhsullarda zərərvericilərin aşkarlanması ilə izah edərək bildirir ki, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə dəfələrlə pozuntular haqda məlumat verilib.

Məlumatda deyilir ki, “Rosselxoznadzor” Avrasiya İqtisadi Birliyi üzvləri üçün karantin məhsullarını dəfələrlə aşkarlayıb. Oktyabrın 22-dən indiyədək 17 belə hal qeydə alınıb. Söhbət alma və pomidorda Cənubi Amerika pomidor güvəsi və şərq almaqurdunun aşkarlanmasından gedir.

Buna da bax: Ermənistan Azərbaycanla sərhədin demarkasiyasında Putindən kömək istəyir

“Bununla əlaqədar olaraq, fitosanitar vəziyyətin qorunması, Rusiya Federasiyası ərazisinə həmin zərərvericilərin idxalının və yayılmasının qarşısının alınması məqsədi ilə “Rosselxoznadzor” 10 dekabr 2020-ci il tarixindən etibarən Rusiyaya Azərbaycan mənşəli pomidor və almaların gətirilməsini qadağan etməyə məcburdur”, – “Rosselxoznadzor” bəyan edib. Qadağanın müvəqqəti xarakter daşıdığı vurğulanır.

Azərbaycan tərəf hələlik, bu informasiyaya münasibət bildirməyib.