Birləşmiş Ştatlarda yoluxmalar 15 milyonu keçir

Britaniyada peyvəndləmə başlanıb

Şükranlıq bayramını bir çox amerikalı ailəsi və dostları ilə keçirəndən sonra yoluxmaların artacağı barədə xəbərdarlıq səslənirdi. Milad və Yeni il bayramları öncəsi virusun daha da yayılacağı gözlənir.

Dekabrın 8-də Birləşmiş Ştatlarda koronavirusa yoluxmalar 15 milyonu keçib. Ölkənin tənzimləyici orqanları COVID-19 vaksininin təcili təsdiqinə doğru bir addım da atıblar.

Azı üç ştatda rekord yoluxmalar ölkə üzrə ümumi statistikanın 15 milyonu keçməsilə sonuclanıb.

Səhiyyə rəsmiləri Birləşmiş Ştatlar üçün qarşıda çətin dövrün dayanması ilə bağlı xəbərdarlıq edirlər.

Buna da bax: Karantin uzadıldı və yenə sərtləşdirildi

Sabah ABŞ-da vaksin təsdiqlənə bilər

Dekabrın 10-da Pfizer-BioNTech vaksininin təsdiqlənməsi üzrə iclas olmalıdır və rəsmiləri vaksinin təsdiqlənəcəyini gözləyirlər.

Ayın sonuna isə rəsmi qurumlar Moderna şirkətinin hazırladığı başqa bir vaksini nəzərdən keçirəcək. AstraZeneca şirkətinin hazırladığı üçüncü vaksin namizədi də son mərhələ sınaqlarını keçir. Dekabrın 8-də tibb dərgisinin yazmasına görə, bu vaksin də insanları qoruyur, amma effekti öndə gedən iki vaksindən zəifdir.

Britaniya dekabrın 8-də Qərbdə Pfizer-BioNTech vaksininin tətbiqinə başlayan ilk ölkə oldu. 90 yaşlı nənə və 81 yaşlı bir kişiyə ilk vaksinlər vurulub.

İlkin mərhələdə yaşlıların və yüksək risk qrupunda olanların vaksinasiyadan keçəcəyi gözlənir.

Buna da bax: Britaniyada peyvəndləmə başlanır

Yeddi günlük ortalama gündəlik yoluxmaların 2 min civarında olduğu Birləşmiş Ştatlar da peyvəndləməyə başlamağa can atır. Dekabrın 8-də xəstəxanalarda rekord sayda – 104 min COVID-19 xəstəsinin olduğu bildirilir.

Koronavirus 283 mindən çox amerikalının həyatına son qoyub, milyonlarla insan işini itirib.

Bayden planlarını açıqlayıb

Yeni prezident seçilmiş Co Bayden dekabrın 8-də prezidentliyinin ilk 100 günündə koronavirusla mübarizə planlarını açıqlayıb. Onun sözlərinə görə, administrasiyası 100 milyon amerikalıya peyvənd vurduracaq, məktəblərin yenidən açılmasına çalışacaq, maskayla bağlı qadağaları gücləndirəcək.

Buna da bax: Qazaxıstan da Sputnik V vaksini istehsal edəcək

Şükranlıq bayramını bir çox amerikalı ailəsi və dostları ilə keçirəndən sonra yoluxmaların artacağı barədə xəbərdarlıq səslənirdi. Milad və Yeni il bayramları öncəsi virusun daha da yayılacağı gözlənir.

Artıq 26 ştat virusun yayılmasına qarşı qadağalar tətbiq edib.

Prezident Donald Tramp maska taxmaq və sosial məsafə saxlamaq kimi səhiyyə qadağalarının əhəmiyyətini kiçildir, əvəzində diqqəti vaksin hazırlanmasına yönəldirdi.

Dekabrın 8-də imzaladığı sərəncamda isə COVID-19 vaksinlərinə çıxışda prioritetin amerikalılara verilməsi, daha sonra digər ölkələrə yardım göstərilməsi nəzərdə tutulub.

Digər ölkələrdə də rekord göstəricilər aşkarlanıb. Danimarkada 2 min 150, İtaliyada 15 minədək yeni yoluxma və 630 ölüm halı qeydə alınıb.

Dünyada isə koronavirusa 68 milyondan çox yoluxma, 1.5 milyondan artıq ölüm təsdiqlənib.