Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
4268 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 4085 nəfər sağalıb.
Bu məlumatı dekabrın 12-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 43 nəfər də vəfat edib:
“İndiyədək Azərbaycanda ümumilikdə 171 423 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 107 635 nəfər sağalıb, 1 883 nəfər vəfat edib, aktiv xəstə sayı 61 905 nəfərdir”.
Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 19 378, ötən müddət ərzində isə ümumilikdə 1 938 244 test aparılıb.
Rəsmi qurumların açıqlamasına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var. Bu həftə, dekabrın 8-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə prezidentinin köməkçisi Hikmət Hacıyev bildirmişdi ki, 48 min belə xəstə evdə müalicə alır.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1,6 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb.