Bu gün, dekabrın 18-də Milli Məclisin plenar iclasında ekspress-testlərin ölkəyə gətirilməsi və test sahəsində monopoliyaya son qoyulması təklif edilib.
"Turan" İnformasiya Agentliyinin xəbərinə görə, həmin təkliflə deputat Musa Quliyev çıxış edib.
Deputat deyib ki, özəl sektorda fəaliyyət göstərən bütün tibb müəssisələri koronavirusla mübarizəyə cəlb olunmalıdır.
M.Quliyev qeyd edib ki, bu, məcburi yox, həvəsləndirici tədbirlərlə mümkün ola bilər.
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 1.6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. İndiyədək ölkədə ümumilikdə 191 min 460 nəfərin koronavirus infeksiyasına yoluxduğu müəyyən edilib, onlardan 2 min 88 nəfərin vəfat etdiyi açıqlanıb.