FSB rəhbəri Yerevandadır

Aleksandr Bortnikov

Syunik sakinləri artıq bir neçə gündür keçmiş Sovet İttifaqının sərhədlərinə uyğun olaraq Azərbaycanın ərazisi sayılan bəzi yerlərin qaytarılmasından narahatlıq bildirirlər

Ermənistanın Müdafiə naziri Vaqarşak Arutyunyan dekabrın 17-də Syunik rayonuna səfəri zamanı yerli icma rəhbərləri ilə görüşüb. AzadlıqRadiosu-nun Ermənistan xidmətinin məlumatına görə, nazir onlara deyib ki, “Ermənistan öz ərazisinin bir metrini belə güzəştə getməyəcək”.

Syunik sakinləri artıq bir neçə gündür keçmiş Sovet İttifaqının sərhədlərinə uyğun olaraq Azərbaycanın ərazisi sayılan bəzi yerlərin qaytarılmasından narahatlıq bildirirlər. Qafan şəhərinin meri Ermənistan tərəfi üçün müddət qoyulduğunu deyib – hərbçilər mövcud postlardan bu gün – dekabrın 18-də axşam 5-dək çıxmalıdırlar. Dekabrın 16-da Syunik sakinləri Qafan-Gorus şosesini bağlayaraq təhlükəsizlik təminatı istəyiblər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Erməni valideynlər rəsmilərdən əsir övladlarının qaytarılmasını tələb edirlər

Müdafiə naziri deyib ki, sərhəd hər iki tərəfdən yüksək çinli zabitlərin iştirakıyla dəqiqləşdirilir və Ermənistan öz ərazisinin bircə metrini belə güzəştə getməyəcək.

Arutyunyanın sözlərinə görə, sözügedən ərazilərə Rusiya sərhədçiləri nəzarət edəcək və bu haqda artıq razılaşma əldə olunub. Nazirin fikrincə, bu, təhlükəsizliyin gücləndirilməsi üçün əlavə təminatlar yaradacaq.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu günlərdə AzadlıqRadiosu-nun Ermənistan xidmətinə deyirdi ki, Syunikdə sərhədlər dəqiqləşdirilməlidir və bu prosesdə müəyyən çətinliklər var. Onun sözlərinə görə, 21 kilometrlik Gorus-Qafan yolu bəzi yerlərdə Ermənistanın hüdudlarından kənara çıxır və indi bu yolun normal və təhlükəsiz işi təmin olunmalıdır. “Bu sərhədlər sovet vaxtından qalan xəritələr əsasında dəqiqləşdirilir və GPS cihazlarından istifadə olunur”, – Paşinyan deyib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Putin:Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir

***

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) başçısı Aleksandr Bortnikov Yerevana gedib. Bu haqda Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin mətbuat mərkəzinin rəhbəri Artur Gevorkyan NEWS.am saytına bildirib.

“Bortnikovu Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin direktoru Abazyan qarşılayıb”, – deyən Gevorkyan əlavə açıqlama verməyib.

Dekabrın əvvəlində Armen Abazyan Moskvada olmuşdu.

Son günlər Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası ilə bağlı qarşı tərəfdə narazılıqların olduğu bildirilir.