Parlamentə düşməyən partiyalara pul da az düşəcək

Milli Məclis

Dekabrın 24-də Milli Məclisin iclasında "Siyasi partiyalar haqqında" Qanuna dəyişiklik layihəsi birinci oxunuşda qəbul olunub.

Qanunda dövlət büdcəsindən ayrılan vəsaitin 10 faizi son seçkilərdə namizədləri səslərin azı 3 faizini qazanmış, lakin parlamentə düşməyən partiyalar arasında səslərin sayına proporsional bölünür. Yeni dəyişiklikdə həmin məbləğ 10 faizdən 5 faizə endirilir. Qalan 5 faizi isə təkrar və əlavə seçkilərdə yer qazanan partiyalara ayrılır.

Qüvvədə olan qanunda bölgünün qalan hissəsi isə belə idi: Vəsaitin 40 faizi Milli Məclisində təmsil olunan partiyalar arasında bərabər, 50 faizi isə deputatların sayına proporsional bölünür.

2020-ci ildə siyasi partiyalara verilən maliyyə yardımının 4 milyon manat olduğu bildirilir.

Azərbaycanın müxalifət qüvvələrindən Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyasından (AXCP) bir nəfər belə parlamentə düşməyib (bu il fevralın 9-da ölkədə növbədənkənar parlament seçkiləri keçirilib). Onlar bunu seçkilərin total saxtalaşdırılması ilə izah ediblər. Hakimiyyət bu tənqidi qəbul etmir. Üstəlik, AXCP-nin heç qeydiyyatı, qərargahı da yoxdur.