Türkiyə təyyarəsi Bakıya Ermənistan üzərindən gəlib?

Arxiv foto

Ermənistanın hava məkanı bütün mülki təyyarələr üçün açıqdır.

Bunu AzadlıqRadiosunun erməni xidmətinə ölkənin Mülki Aviasiya Komitəsindən deyiblər.
Türkiyə və Azərbaycan mediasının yazdığına görə, dekabrın 27-də Türkiyənin Turkish Airlines hava şirkətinə məxsus təyyarənin Bakı- İstanbul reysi Ermənistanın hava məkanından keçməklə reallaşıb.

Mülki Aviasiya Komitəsinin izahatında deyilir:

“Bu (hava məkanı-red.) hər hansı ayrı-seçkiliyi istisna edən beynəlxalq aviasiya təşkilatlarının qaydaları ilə tənzimlənir. Bu şirkət və bir çox başqa şirkət Ermənistan Respublikasının hava məkanından istifadə edə bilər, bunun üçün qeyri-adi və yeni bir şey yoxdur."

Amma komitədən dekabrın 27-də Bakı-Ankara xətti ilə uçan Türkiyəyə məxsus təyyarənin Ermənistan səmasından keçməsi ilə bağlı məsələyə konkret cavab verilməyib.

Komitə yuxarıda göstərilən qaydaların digər üzv dövlətlərdə də tətbiq olunduğunu, bu baxımdan Ermənistan mülki təyyarələrinin lazım olduqda Türkiyə hava sahəsindən də istifadə edə biləcəyini qeyd edir.