İranda qar uçqununda 12 nəfər həlak olub

Tehranda qar uçqunu, arxiv fotosu

Tehranın şimalında qar uçqunu baş vermiş ərazilərdə xilasetmə işləri başa çatıb. Dövlət televiziyasının dekabrın 27-də bildirməsinə görə, qar çovğunundan sonra dörd ayrı uçqunda 12 nəfər həlak olub. İtkin düşdüyü bildirilən 14 nəfər isə beynəlxalq Qırmızı Xaç hərəkatı tərəfindən xilas edilib.

Hava proqnozu hazırlayan rəsmi qurumlar vətəndaşları xəbərdarlıqları qulaq ardına vuraraq dağlara səyahətə getdiyinə görə tənqid edib. Həftəsonları yerli əhali arasında dağlara səyahət xeyli populyardır.

Axtarış- xilasetmə işləri üç gün çəkib, vertolyotlarla birlikdə 20 komanda işlərə cəlb olunub.

Tehran İran-Azərbaycan sərhədindən İranın Xorasan vilayətinə qədər uzanan 900 kilometrlik dağ silsiləsinin ətəyində yerləşir.