Ermənistanda müxalifət Paşinyanla razılığa gəlmədi

Baş nazir Nikol Paşinyan (sağda) və müxalifət lideri Gagik Tsarukyan

Müxalifətin mövqeyincə, Paşinyan hökumətin başında olduğu müddətdə vaxtından əvvəl seçki keçirilə bilməz

Ermənistan hakimiyyəti gələn ilin əvvəlində yeni Seçki Məcəlləsi layihəsinin hazır olacağını bildirir. Bu haqda AzadAvropa/AzadlıqRadiosu-nun Ermənistan xidməti yazır.

“Mənim addımım” fraksiyasından deputat Amazasp Danielyanın sözlərinə görə, məcəllə, eləcə də bu yaxınlarda qəbul olunmuş “Partiyalar haqqında” qanun diqqətlə hazırlanıb.

Baş nazir Nikol Paşinyan 2021-ci ildə vaxtından əvvəl parlament seçkisi keçirmək niyyətini açıqlayıb, siyasi qüvvələri müzakirələrə dəvət edib. Ancaq Dağlıq Qarabağ müharibəsinin nəticələrinə görə Paşinyanın məsuliyyət daşıdığını deyərək onun istefasını tələbə edən 17 müxalifət partiyası bununla razı deyil. Onların fikrincə, Paşinyan hökumətin başında olduğu müddətdə vaxtından əvvəl seçki keçirilə bilməz.

Buna da bax: Elmar Məmmədyarov: 'Şübhə olsaydı, Amerikada məni parçalayardılar'

“Bunu nə vaxt qəbul edərsiz...”

Onlar keçmiş baş nazir və müdafiə naziri Vazgen Manukyanı müvəqqəti baş nazir görmək istəyir. Müxalifət deyir ki, azı bir il ərzində seçki təşkil olunmalı, Manukyan və partiyası onda iştirak etməməlidir.

Paşinyan bu yanaşmaya qarşı çıxır. O, dünən – dekabrın 29-da parlamentdə “Çiçəklənən Ermənistan” və “İşıqlı Ermənistan” fraksiyalarının liderləri ilə görüşüb. Görüşdən sonra “Çiçəklənən Ermənistan”ın lideri Gagik Tsarukyan deyib ki, partiyanın gündəliyində yalnız Paşinyanın istefası durur və vaxtından əvvəl seçkilər yalnız o, baş nazir postundan gedəcəyi halda keçirilməlidir. Onun sözlərinə görə, görüş çox çəkməyib.

“Dedim ki, parlament seçkiləri üçün siz müvəqqəti də olsa bu vəzifədə qalmamalısız, bunu nə vaxt qəbul edərsiz, onda qalan məsələləri danışarıq”, – Tsarukyan vurğulayıb.

“İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan da Paşinyanın istefasını tələb etdiklərini söyləyib.

Buna da bax: Paşinyan: 'Müharibədən yayınmağın bir yolu vardı...'

Paşinyanın təklifi

Konstitusiyaya görə, vaxtından əvvəl seçki bu halda keçirilir: hökumət istefaya gedir, parlament iki dəfə yeni baş nazir seçə bilmir və bundan sonra parlament buraxılır.

Paşinyansa təklif edir ki, Konstitusiyaya dəyişiklik edilsin, parlamentə özünü buraxmaq hüququ verilsin, baş nazir istefaya getmədən növbədənkənar seçki keçirilsin. Bu halda Paşinyan yeni baş nazir seçilənəcən vəzifədə qalır.

Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatla noyabrın 10-dan Dağlıq Qarabağda atəşkəs əldə olunub. Azərbaycan qüvvələri 44 günlük müharibə nəticəsində 1994-cü ilədək işğal olunmuş yeddi rayonuna nəzarəti ələ alıb. O cümlədən Şuşa şəhəri, Hadrut qəsəbəsi kimi strateji ərazilər Azərbaycan hərbçilərinin nəzarətinə keçib. Ancaq Qarabağın bir hissəsi, mərkəzi Xankəndi şəhəri ermənilərin nəzarətindədir. Təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Noyabrın 10-dan Ermənistanda etiraz aksiyaları başlanıb. Müxalifət Paşinyanı bu kapitulyasiya sazişinə görə ittiham edir.