Yanvarın 5-dən Şurnux kəndində 12 ev Azərbaycan silahlı qüvvələrinin nəzarətinə qaytarılıb. AzadlıqRadiosu-nun Ermənistan xidməti Syunik rayonundakı mübahisəli ərazidə yaşayan 40-a yaxın şəxsin artıq evləri tərk etdiyini xəbər verir.
Şurnux kənd icmasının rəhbəri Akop Arşakyan deyib ki, adamlar hələlik, problemlərini özləri həll edirlər, rayon administrasiyası onların mənzil probleminin həllinə söz verib.
Buna da bax: Paşinyan: 'Azərbaycanla sərhəddə demarkasiya getmir'
“Mal-qara o tərəfə keçsə...”
Bu günlərdə kənddə icma sədri, Gorusun meri, erməni sərhədçilər və sakinlər arasında görüşdə belə bir qərar verilib ki, evlərini tərk edənlər “həyatlarını riskə atmamaqdan ötrü” Azərbaycanın nəzarətinə qaytarılan əraziyə keçməsinlər. Onların mal-qarası isə Azərbaycan tərəfdə qalıb.
“Allah eləməsin, mal-qara o tərəfə keçsə, onların dalınca getmək lazım deyil. Sərhədçilərimizə müraciət edərik, neyləsək, onların vasitəsilə edərik”, – Akop Arşakyan deyib.
Radionun Ermənistan xidməti sərhədin dəqiqləşdirilməsinin davam etdiyini yazır. Ancaq dəqiqləşdirmənin hansı sənədlərə əsasən aparılması haqda hakim orqanlar məlumat vermirlər.
Arşakyan deyib ki, yanvarın 5-dən Şurnux sakinləri ilə Azərbaycan sərhədçiləri arasında məsafə 10 metr olacaq.
Buna da bax: Ermənistan Azərbaycanla sərhədin demarkasiyasında Putindən kömək istəyir
Xatırlatma
Bir müddət öncə yayılan xəbərlərdə dəqiqləşdirmənin sovet dövrü xəritələrinə uyğun aparıldığı deyilirdi. Həmin xəritələrdə Şurnux kəndinin bir hissəsi, bəzi yollar Azərbaycan ərazisindədir.
İndiyədək Azərbaycan rəsmiləri Ermənistanla sərhədlərin demarkasiyası ilə bağlı ictimaiyyətə hər hansı informasiya verməyiblər.
Ötən il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlayıb. Azərbaycan noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad etdiyini açıqlayıb.
Noyabrın 10-da açıqlanmış atəşkəs bəyanatına əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin də Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.