Prezident yeni mərkəz yaratdı

İ.Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 6-da İqtisadiyyat Nazirliyinin tabeliyində "Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi" publik hüquqi şəxsin yaradılması haqqında fərman imzalayıb.

Sənəddə bu, "qlobal iqtisadiyyatda cərəyan edən trendləri diktə edən, rəqabət qaydalarını dəyişən Dördüncü Sənaye İnqilabında Azərbaycanın mövqeyinin gücləndirilməsi və bu sahədə aparıcı ölkələr arasında yer almasının təmin edilməsi" məqsədilə izah edilir.

Qeyd edilib ki, bu qurum Azərbaycan ilə Dördüncü Sənaye İnqilabı sahəsində fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı və bu sahədə əlaqələndirməni həyata keçirməlidir.

Mərkəzin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək məqsədilə üç üzvdən ibarət Müşahidə Şurası yaradılır.

Dördüncü Sənaye İnqilabını elektrotexnik Nikola Tesla proqnozlaşdırıb. İndi dünyanın Dördüncü Sənaye İnqilabı dövrünə daxil olduğu bildirilir.

Birinci Sənaye İnqilabı istehsalı müəyyən qədər mexanikləşdirib. İkinci Sənaye İnqilabı zamanı bəşəriyyət elektriklə tanış olub və onun kütləvi istehsalına başlayıb. Nəhayət, ötən əsrin ortalarında Üçüncü Sənaye İnqilabı (rəqəmsal inqilab) baş vermişdi. Elektronika və texnologiya sayəsində insanlar istehsalı avtomatlaşdırmağı bacardılar.