Xanımı: 'Əfqanın vəziyyəti yaxşı deyil'

Ə.Sadıqov

Yanvarın 10-da Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovla anası və qardaşı görüşüb.

Bu barədə AzadlıqRadiosuna onun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib: "Anası və qardaşı Əfqanla yanvarın 10-da görüşüblər. Hələlik, Penitensiar Xidmətin Müalicə Müəssisəsindədir".

Onun deməsinə görə, Ə.Sadıqovun vəziyyəti yaxşı deyil: "Əgər deyirlərsə, Əfqanın səhhəti yaxşıdır, o zaman görüntülərini yaysınlar. İstəsələr, yaya bilərlər və bu mümkündür. Adam artıq 69 gündür ki, aclıq edir".

Ötən il dekabrın 28-də isə ailəsi bildirmişdi ki, Ə.Sadıqovun səhhəti bir neçə gün öncə kəskin pisləşdiyindən həkimlər ona sistem köçürüblər. Onun bir xeyli çəki itirdiyi qeyd olunurdu.

Bu açıqlamaya, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Ombudsman Aparatı: "Huşu özündədir"

Ombudsman Aparatından isə "Turan" agentliyinə bu gün, yanvarın 11-də aşağıdakıları bildiriblər: "Əfqan Sadıqovun səhhəti orta-ağır olaraq qalır, qida qəbulundan imtina edir. Amma huşu özündədir".

Azel TV saytının rəhbəri Ə.Sadıqov ötən ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib. Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı.

Xatırlatma

Ə.Sadıqov bundan öncə, 2016-cı il noyabrın 22-də də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan onun cəzası 1 il azaldıldı. O, daha sonra da buna qədər bir neçə dəfə müxtəlif müddətlərə inzibati qaydada həbs edilib. Ə.Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib. Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.