Nazirlər üçtərəfli bəyanatları müzakirə ediblər

C.Bayramov və S.Lavrov

Bu gün, yanvarın 15-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, nazirlər ötən il noyabrın 10-da qəbul edilən üçtərəfli bəyanatın icrası ilə bağlı son vəziyyət və bu il yanvarın 11-də Moskvada imzalanmış birgə bəyanatdan irəli gələn məsələlər üzrə fikir mübadiləsi aparıblar: "Tərəflər həmçinin, ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər".

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Onların 4 saatdan çox çəkən görüşlərinin nəticəsində imzalanmış bəyanat, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur. Bu məqsədlə Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərinin birgə sədrliyi ilə üçtərəfli işçi qrup yaradılmalıdır.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.