“Azərbaycana koronavirus əleyhinə vaksin gətirilib”
Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
Ş. Mövsümov qeyd edib ki, hələlik müəyyən miqdarda vaksin gətirilib. O, vaksinlərin mərhələli şəkildə ölkəyə gətiriləcəyini deyib.
Azərbaycanda yanvarın 18-dən vaksinasiya prosesinə başlanılacaq. Söhbət Çində istehsal edilən “CoronaVac” vaksinindən gedir. Ölkədə vaksinasiya pulsuz olmalıdır.
Azərbaycan 4 milyon doza “CoronaVac” vaksini alıb, daha 2 milyon…
Şahmar Mövsümovun sözlərinə görə, bir insana iki doza vaksin lazımdır.
"Azərbaycana gətiriləcək 4 milyon vaksin 2 milyon insan üçündür”
İkitərəfli qaydada “Sinovac” şirkətinin regional nümayəndəliyindən 4 milyon doza vaksin alınacağını deyən Ş. Mövsümov artıq az bir hissə vaksinin ölkəyə gətirildiyini deyib.
“Azərbaycana bu vaksinin az bir hissəsi gətirilib, istehsal edildikcə mərhələ-mərhələ gətiriləcək. Çoxtərəfli COVAX (Vaccines Global Access Facility) platforması çərçivəsində isə əhalinin 10 faizini əhatə edən səviyyədə - 1 milyon insan üçün 2 milyon doza vaksin alınacaq”
O, qeyd edib ki, əlavə 10 faizə də vaksin alına bilər.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2 milyon civarında şəxsin vəfat etdiyi açıqlanıb. İndiyədək Azərbaycanda isə 226549 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2983 nəfərin vəfat etdiyi açıqlanıb.