Sibirdə hərbi məhkəmə əsgər Ramil Şamsutdinovu 24 il yarım həbs cəzasına məhkum edib. O, “dedovşina”ya məruz qaldığını deyərək səkkiz əsgəri öldürmüşdü.
Hökm yanvarın 21-də çıxarılıb. Prokuror 25 illik cəza istəmişdi.
Şamsutdinovun vəkili hökmdən apelyasiya şikayəti veriləcəyini bildirib.
Müdafiə tərəfi əsgərin hərbi xidmətə başlarkən digər əsgərlər və zabitlər tərəfindən işgəncəyə məruz qaldığını, döyüldüyünü, 2019-cu ilin oktyabrında belə bir hərəkətə əl atdığını deyirlər.
Jüri dekabrın 28-də onu qətldə təqsirli bilsə də, yumşaq cəzanın mümkün olduğunu bildirmişdi. Bu halda cəza 13 il dörd aydan artıq olmamalıydı.
Bu iş Rusiyada insan haqları fəallarının diqqətini çəkib. Şamsutdinov əsəb pozuntusu keçirərək belə etdiyini deyirdi.