A.Kərimov Prezidentin Şuşada nümayəndəsi oldu

İ.Əliyev Şuşada

Aydın Kərimov Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilib.

Bununla bağlı bu gün, yanvarın 27-də Prezident İlham Əliyev sərəncam verib.

Bir həftə öncə, yanvarın 19 -da dövlət başçısının işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidentinin xüsusi nümayəndəliklərinin təsis edilməsi ilə bağlı fərmanı olmuşdu.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf yeddi rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.