Koçaryan seçkiyə gedəcəyini deyir

Robert Koçaryan, arxiv fotosu

Koçaryan yanvarın 27-də Ermənistanın aparıcı media orqanlarına yarım saatlıq müsahibəsində deyib ki, Paşinyan və hökuməti istefa verməli, müvəqqəti hökumət işə başlamalıdır, daha sonra vaxtından əvvəl seçki keçirilməlidir

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan erkən parlament seçkisi keçirilərsə ona qatılacağını deyib. Koçaryan hazırda 2008-ci ildə müxalifətin etiraz aksiyasının yatırdılmasında iddia edilən roluna görə mühakimə olunur.

Baş nazir Nikol Paşinyan Azərbaycanla atəşkəs bəyanatı imzalanandan sonra tənqid və təzyiq altındadır. Müxalifət onun istefasını tələb edir.

Azərbaycan 44 günlük müharibə nəticəsində Dağlıq Qarabağın bir hissəsi və ətraf yeddi rayona nəzarəti geri ala bilib.

Buna da bax: Zərif: ‘Ermənistanın ərazi bütövlüyü İranın qırmızı xəttidir’

“Qalib gələcəyəm”

Koçaryan yanvarın 27-də Ermənistanın aparıcı media orqanlarına yarım saatlıq müsahibəsində deyib ki, Paşinyan və hökuməti istefa verməli, müvəqqəti hökumət işə başlamalıdır, daha sonra vaxtından əvvəl seçki keçirilməlidir.

“Mən komandamla seçkiyə gedəcəyəm və qalib gələcəyəm... Yoxsa Paşinyan hökumətinin hakimiyyətdə qalmasına imkan verəcəyik”, – Koçaryan deyib.

Koçaryan 1998-2008-ci illərdə Ermənistanın prezidenti olub, hazırda həm müxalifətin etiraz aksiyasının yatırdılmasında rolu, həm də rüşvət almaq maddələri ilə ittiham olunur.

Sizin brauzer HTML5-i dəstəkləmir

Paşinyanın parlamenti buraxmaq ideyası qalmaqala səbəb oldu

Keçmiş prezident təqsirli bilinərsə 15 illik həbsə məhkum edilə bilər. O, ittihamları siyasi motivli adlandırır.

Koçaryan ötən ilin iyununda həbsdən buraxılıb.

2018-ci ilin iyulunda həbs olunan Koçaryan məhkəmə qərarıyla iki dəfə azad edilib, hər dəfə prokurorlar vəsatət qaldıraraq onun yenidən həbs edilməsinə nail olublar.

66 yaşlı Koçaryan Dağlıq Qarabağdandır, separatçıların liderlərindən olub, 1994-cü ilin dekabrından 1997-ci ilin martınadək qondarma rejimə rəhbərlik edib.