Deputat Tarif Şurasının ləğvini təklif edib

Milli Məclis

"Azərbaycanın başının üstündə bir kabus əmələ gəlib, o da Tarif Şurasıdır. Heç kim bilmir ki, orada kimlər var".

Bunu Milli Məclisin fevralın 1-də keçirilən plenar iclasında deputat Tahir Kərimli deyib.

Deputat vurğulayıb ki, bu qurum qiyməti qaldırır, heç kim də əhalinin qarşısına çıxıb izahat vermir.

"Mənə elə gəlir ki, təcili olaraq Tarif Şurasını ləğv etməliyik. Biz heç bilmirik ki, nə vaxt bahalaşma olacaq. Prezidentin gördüyü işə bu qədər kölgə salmaq lazım deyildi", - T.Kərimli bildirib.

Bu fikirlərə, hələlik, Tarif Şurası rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Tarif Şurası bu gün, fevralın 1-dən əhali üçün suyun qiymətini ikiqat artırıb. Bu ilin əvvəlindən isə Aİ-92 markalı benzinin qiyməti 10, dizelinki isə 30 faizdən çox bahalaşmışdı.

Xatırlatma

Tarif (qiymət) Şurası 2005-ci ilin dekabrında yaradılıb. Bu Şura dövlətin müəyyən etdiyi qiymətlərin, xidmət haqlarının, yığımların tənzimlənməsini həyata keçirən kollegial icra hakimiyyəti orqanı kimi müəyyənləşdirilib.

İqtisadiyyat naziri Şuranın sədridir. Ora maliyyə, vergilər, ədliyyə, energetika, nəqliyyat, rabitə və yüksək texnologiyalar, kənd təsərrüfatı, səhiyyə, təhsil, əmək və əhalinin sosial müdafiəsi nazirlərinin müavinləri, habelə Dövlət Gömrük və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrlərinin müavinləri daxildir.