'Badamdarda sürüşmə başa çatmayıb'

Badamdarda sürüşmə

Badamdar sahəsində baş vermiş torpaq sürüşməsi ilə bağlı yanvarın 28-dən müşahidələr aparılır.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev "Turan" agentliyinə bildirib. Onun deməsinə görə, həmin sahədə dinamik gərginlik qalır.

Xidmət rəisi əlavə edib ki, üstəlik, ərazidə vaxtaşırı kiçik həcmli uçqunlar baş verməkdədir.

Ə.Əliyev deyib ki, eyni zamanda, sürüşmə kütləsinin sağ və sol cinahlarında asılı "qanadlar" olduğuna görə dayanıqlı deyil. "Bundan da irəli gələrək biz sürüşmə prosesini hələ ki, başa çatmış saymırıq. Dinamik gərginlik, istinad divarlarının yanında çatlar qalır", - Ə.Əliyev bildirib.

2021-ci il yanvarın 28-də Badamdar sahəsində torpaq sürüşməsi baş verib. Bunun nəticəsində qoruyucu divarlar da kütlənin təsiri ilə dayanıqlığını itirib və aşağı sürüşüb. Bu zaman bir neçə evə və bir avtomobilə ziyan dəydiyi bildirilir.

Xatırlatma

Son dönəmlər sözügedən ərazidə torpaq sürüşməsi 2017-ci ildən aktivləşib. Buna səbəb kimi ərazinin tikinti ilə həddən artıq yüklənməsi, kanalizasiya sisteminin olmaması, Bayıl yamacına insan müdaxiləsi göstərilib. Əraziyə Yaponiyadan mütəxəssislər dəvət olunsalar da, sonradan bu məsələlərlə bağlı əlavə açıqlamalar verilməyib. Bundan əvvəl, sonuncu dəfə bu ərazidə torpaq sürüşməsi 2020-ci ilin fevralında olmuşdu.