Jurnalist təşkilatı Polad Aslanovun səhhətindən narahatdır

Polad Aslanov

Sərhədsiz Reportyorlar Təşkilatı Azərbaycanı həbsdə olan jurnalistə təcili tibbi yardım göstərməyə çağırır. 19 aydır həbsdə olan Polad Aslanovun bir həftədən çoxdur aclıq aksiyası keçirdiyi bildirilir.

Parisdə yerləşən qurum fevralın 9-da yaydığı bəyanatda bildirib ki, səkkiz günlük aclıq aksiyasından sonra Aslanovun səhhəti zəifləyir. O, ədalətli məhkəmə və ev dustaqlığına buraxılma tələb edir.

Aclıq aksiyasına başlayanda 44 kilo çəkisi olan Aslanov indi böyrək və mədə ağrılarından şikayətlənir, qurum bildirir.

Həyat yoldaşı Gülmirə Aslanova ərinin vərəmli xəstələrin kamerasına köçürülməsindən narahatlığını bildirib.

Xeberman.com və press-az.com portallarının baş redaktoru olan Aslanov hakimiyyəti tənqid etməsilə tanınıb. RSF ölkədə bir sıra media orqanlarının susdurulduğunu, bəzilərinin xaricə köçməli olduğunu, müstəqil vebsaytların bağlandığını, azı iki digər jurnalistin hazırda həbs cəzası çəkdiyini qeyd edir.


Xatırlatma

P.Aslanov ötən il iyunun 12-də saxlanıb. O, CM-in 274-cü (dövlətə xəyanət) maddəsi ilə suçlanır.

DTX-nın yaydığı rəsmi açıqlamada iddia olunur ki, P.Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Baş redaktor ittihamı qəbul etmir, xaricə ziyarətə zəvvarları aparan şirkətlərdən DTX əməkdaşlarının rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını deyir.