Azərbaycan 28 min avro təzminat ödəyəcək

AİHM hakimləri

Avropa İnsan Haqları Məhkəməsi (AHİM) fevralın 11-də Azərbaycandan göndərilmiş şikayətlər üzrə iki qərarını elan edib.

Hüquqşünas Xalid Ağəliyevin AzadlıqRadiosuna deməsinə görə, hər iki qərar hökumətin məhkəməyə təqdim etdiyi təktərəfli bəyannamə diqqətə alınmaqla qəbul olunub. Onun bildirməsinə görə, "N.Pənahov və başqaları Azərbaycana qarşı" işində ərizəçilər dörd nəfər olub: ""Yahova Şahidləri" dini icmasının üzvləri olan ərizəçilər qatıldıqları dini toplantıya polis müdaxiləsi olmasından şikayət ediblər. Ərizəçilər iddia ediblər ki, onların işgəncəyə məruz qalmamaq, azadlıq və toxunulmazlıq, şəxsi həyatın toxunulmazlığı, dini zadlığı və toplaşmaq hüquqlarına müdaxilə edilib".

Ağəliyev əlavə edir ki, kommunikasiya zamanı Azərbaycan hökuməti məhkəməyə təktərəfli bəyannamə təqdim edib və pozuntuların baş verdiyini etiraf edib: "Pozuntuların kompensasiyası üçün hər bir ərizəçiyə 4 min avro (bütünlükdə 16 min) verilməsini təklif edib. Ərizəçilər bu təkliflə razılaşmasalar da, AİHM şikayətin araşdırılmasının davam etdirilməsi üçün gərəkli əsasların olmaması qənaətinə gəlib və qərar verib ki, şikayət baxılacaq işlərin siyahısından çıxarılsın. Qərara görə, hökumət ərizəçilərin hər birinə 4 min avro təzminat ödəyəcək".

İkinci iş...

Hüquqşünasın deməsinə görə, "Sadulla Gənc və başqaları Azərbaycana qarşı" işi də dini toplantıya imkan verilməməsi, onu polislərin dağıtması şikayəti ilə bağlı olub: "Burada ərizəçilər 2 min manat cərimə edilib və ölkədən çıxarılmalarına qərar verilib...".

Ağəliyev deyir ki, bu işdə də hökumət təktərəfli bəyannamə təqdim edərək pozuntuların olduğunu etiraf edib: "Hər bir ərizəçiyə 4 min avro (cəmi 12 min avro) ödənilməsini təklif edib. AHİM bu təklifi yetərli sayıb və şikayətin baxılacaq işlərin siyahısından çıxarılmasına qərar verib".

Ağəliyev bildirir ki, AİHM qərarlarına səbəb olan bu hadisələr 2012-2013-cü illərdə baş verib.

Qərarlara, hələlik, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.