İri dövlət qurumları Holdinqə verilir

İ.Əliyev

Bir sıra iri dövlət qurumları Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Söhbət "Azərbaycan Hava Yolları" QSC (AZAL), "Azərbaycan Dəmir Yolları" QSC, "Bakı Metropoliteni" QSC və "BakuBus" MMC-dən gedir.

Bununla bağlı Prezident İlham Əliyev bu gün, fevralın 12-də sərəncam imzalayıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

İqtisadiyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi də sənəddən irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidirlər

Azərbaycan İnvestisiya Holdinqi 2020-ci il avqustun 7-də təşkil olunub. Prezidentin fərmanı ilə o, publik hüquqi şəxs kimi yaradılıb. Nizamnaməsinə görə, bu qurum tabeliyindəki müəssisələrin vahid prinsiplər əsasında idarə edilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi sahəsində fəaliyyət göstərməlidir.

Prezident İ.Əliyev də bir müddət əvvəl bir sıra dövlət qurumlarını tənqid etmişdi. Onların dövlətdən böyük miqdarda dotasiya aldığını, əvəzində lazımı qədər vergi verilmədiyini qeyd etmişdi.