Prezident Co Bayden deyir ki, Birləşmiş Ştatlar iyulacan böyüklərə vurmağa vaksin tədarükü görüb. Amma o, logistik problemlərin peyvəndlərin vurulmasını yubada biləcəyini də sözlərinə əlavə edib.
Fevralın 11-də Vaşinqtonda Milli Səhiyyə İnstitutuna ziyarət zamanı danışan Bayden deyib ki, Pfizer və Moderna şirkətlərinin hərəsindən əlavə 100 milyon vaksin dozası alınması üçün razılaşmalar yekunlaşdırılıb.
Buna da bax: Vaksinlər barədə yenə “yaxşı xəbər” var
600 milyon doza
“İyulun sonunacan 300 milyon amerikalıya yetəcək qədər vaksinimiz olacaq”, – o deyib.
Bununla ölkənin gözlənən vaksin ehtiyatı 50 faiz artmış olur. ABŞ-da təsdiqlənmiş iki vaksinin ümumilikdə 400 milyon dozası üzrə razılaşma vardı.
İndiyədək ölkədə 45 milyonadək doza işlənib, azı 33.7 milyon nəfərə, yəni əhalinin təxminən 10 faizinə bir, yaxud hər iki doza vurulub.
Yanvarın əvvəlindən gündəlik yoluxmalar isə yarıdan çox azalıb, 100 min civarına düşüb. Xəstəxanaya yerləşdirilənlərin sayı yüksək olaraq qalır, ötən həftə günə ortalama 2 min 750 nəfər ölüb.
Avropada da bir neçə aylıq qadağalardan sonra COVID-19 yoluxmaları azalmaqdadır. Qitədə də ləng də olsa vaksinasiya gedir.
Buna da bax: DST 40 milyon avroluq proqramı işə salır
Xəbərdarlıq
Amma Dünya Səhiyyə Təşkilatı (DST) sürətli təkrar acılımla bağlı xəbərdarlıq edib.
“Yoluxmalarda azalma narahatlıq yaradan variantların yayılmasını gizlədir. Bu məqamda Avropa ölkələrinin böyük əksəriyyəti zəif durumdadır”, – DST-nin Avropa üzrə direktoru Hanz Kluqe deyib.
Britaniya, Cənubi Afrika və Braziliya variantları onlarla ölkədə aşkarlanıb, pandemiyanın trayektoriyası sarıdan narahatlığa səbəb olub.
DST-nin xəbərdarlığına baxmayaraq, fevralın 11-də Çexiya parlamenti fövqəladə vəziyyətin gələn həftə uzadılmasına səs verməyib. Fevralın 15-dən ölkədə bir sıra qadağaların, o cümlədən komendant saatının qaldırılacağı gözlənir.
Oktyabrdan Çexiyada karantin müxtəlif formalarda tətbiq olunub. Son iki həftə ərzində bu ölkə Avropada gündəlik yoluxmalara görə Portuqaliyadan sonra ikinci idi.
Almaniya isə həm Çexiyanın sərhəd regionları, həm də Avstriyanın Tirol vilayətindən ziyarətçilərə qadağa qoyacağını bildirib.