Prezident Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olub

Prezident İlham Əliyev və həyat yoldaşı, birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunan bölgədə 24.12. 2020

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında olub.
Bu barədə AZƏRTAC xəbər yayıb. Xəbərə görə, səfərdə onun xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva da iştirak edib.

Məlumatda qeyd edilir ki, səfərdən geniş reportaj fevralın 15-də təqdim ediləcək.
Prezident bundan əvvəl də işğaldan azad edilən Azərbaycan rayonlarına baş çəkib. O, sonuncu belə səfərində yanvarın 14-də Şuşa şəhərində olmuşdu.


2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf yeddi rayona ( Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonları da daxil olmaqla) nəzarəti ələ alıb.Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Xatırlatma

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi