Fevralın 14-də ABŞ Prezideni Co Bayden Floridada üç il qabaq öldürülmüş 17 nəfərin anım mərasiminə qatılıb. Həmin hadisə müasir ABŞ tarixində ən qanlı məktəb insidentlərindən sayılır.
Bayden deyib ki, Parklenddəki hadisə silah zorakılığı insidentlərindən yalnız biriydi və həmin hadisə onlarla ailənin həyatını həmişəlik dəyişdi.
“Bu gün Parklend icması ilə kədərlənərkən silah zorakılığı nəticəsində sevdiklərini itirənlərin hamısı ilə birlikdə kədərlənirik. İtirdiklərimiz, arxada kədər içində qalanların hamısı qarşısında dəyişiklik etməyə borcluyuq”, – Bayden bəyanatında deyib.
Buna da bax: Bayden deyir ittihamlar mübahisəsizdir, Tramp da deyir ‘əcinə ovu’ davam edir
Baydenin Konqresdən istəyi
Prezident Konqresi silah qanunlarını möhkəmləndirməyə, silah satışında alıcıların tarixçəsini yoxlamaq tələbi qoymağa, hücum silahlarını yasaqlamağa çağırıb.
Parklenddəki, eləcə də ölkənin tarixində digər qanlı hadisələrdən sonra federal silah qanunvericiliyinə heç bir dəyişiklik edilməyib. Çünki əsasən respublikaçı konqresmenlər dəyişikliyə qarşı çıxırlar, onlar Konstitusiyada silah saxlamaq hüququnun olduğunu əsas gətirirlər.
Silahlara nəzarətlə bağlı yeni təkliflərin demokratların nəzarətində olan yeni Konqresdə hansı aqibətlə üzləşəcəyini zaman göstərəcək.
Buna da bax: ABŞ-ın iyulacan vaksini var
Bayden Konqresdən irihəcmli silah sandıqlarının qadağan etməyi, silah istehsalçılarını məhsullarının zorakılıqda oynadığı rola görə məsuliyyət daşımasını istəyir.
2018-ci il faciəsindən sonra Floridada əlavə təhlükəsizlik tədbirləri görüldü. Amma Parklenddəki valideynlər hökumətin reaksiyasına fərqli münasibətdədir.
Atışmada qızı Alenanı itirmiş Ryan Petti deyib ki, prezidentin təklifləri gələcəkdə faciələrin qarşısını ala bilməyəcək.
“Adi məntiq onu deyir ki, onun xatirəsinə hörmət qoymaq heç də silah hüquqlarını məhdudlaşdırmağı, vətəndaşların üzərinə öhdəlik qoymağı tələb eləmir”, – o, Twitter-də yazıb.