V-IX siniflər əyani tədrisə başlayıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Yuxarı siniflər və universitetlərdə ənənəvi tədris bərpa olunur

Fevralın 15-dən Bakı, Sumqayıt və Abşeronda ümumi təhsil müəssisələrinin V-IX siniflərində ənənəvi tədris forması qismən bərpa olunub. Bu barədə Təhsil Nazirliyinin yaydığı məlumatda bildirilir.

Məlumata görə, Bakıda 225 min 692, Sumqayıtda 27 min 675, Abşeron üzrə isə 29 min 216 V-IX sinif şagirdi məktəbə getməlidir.

Vurğulanır ki, sözügedən yerlərdə yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə iki, I-IV siniflərdə həftədə üç, V-IX siniflərdə həftədə iki dəfə ənənəvi şəkildə təşkil edilib. Xüsusi məktəblərdə isə I-IX siniflər üzrə tədris həftədə beş dəfə olmaqla bərpa edilir.

Həmçinin bildirilir ki, fevralın 15-dən məktəbəqədər təhsil müəssisələrinin (uşaq bağçaları) də fəaliyyəti bərpa olunur.

Sözügedən bölgələr istisna olmaqla, başqa şəhər və rayonlarda V-IX siniflərdə ənənəvi tədris forması qismən bu il fevralın 8-dən bərpa olunub. Ölkə üzrə ibtidai siniflər və məktəbəhazırlıq üçün ənənəvi tədris isə fevralın 1-dən qismən davam etdirilir.

Ötən tədris ilində koronavirus pandemiyası üzündən dərslər martın 3-dən dayanmışdı. Tədris onlayn formada davam etdirilmişdi. Builki tədris ilində də əyani tədris mərhələlərlə başlasa da, sonradan tamamilə onlayn dərslərə keçilmişdi.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.4 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. İndiyədək Azərbaycanda isə ümumilikdə 232 min 123 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 180 nəfərin vəfat etdiyi açıqlanıb.