ABŞ kəşfiyyat xidmətlərinin Rusiyanı suçladığı haker kampaniyası “indiyədək dünyanın gördüyü ən böyük və təkmil hücum” idi. Bunu “Microsoft” şirkətinin prezidenti Bred Smis deyir.
Fevralın 14-də CBS-yə müsahibəsində Smis dekabrda aşkarlanmış kütləvi hücumun miqyasından danışıb. Bu hücum nəticəsində Birləşmiş Ştatlarda və bir çox ölkələrdə hökumət və özəl şirkət şəbəkələrinə müdaxilə olunduğu bildirilir.
“Gördüklərimizi Microsoft-da təhlil edəndə özümüzə sual verdik ki, bu hücumlara neçə mütəxəssis qatılıb. Gəldiyimiz qənaət bu sayın mindən çox olduğunu göstərdi”, – Smis “60 Minutes” proqramına deyib.
Buna da bax: Bayden silaha nəzarət istəyir
Mənbə kodu əldə olunandan sonra...
Kibertəhlükəsizlik ekspertlərinin bildirməsinə görə, ziyan görmüş sistemlərin hamısını müəyyənləşdirərək hakerləri kənarlaşdırmaq aylar çəkə bilər. Rusiya isə kiberhücumda əli olmadığını deyir.
Microsoft dekabrın sonunda bəyan elədi ki, onun da sistemləri ziyan görüb. Hakerlər şirkətin mənbə koduna (source code) çıxış əldə ediblər, amma bu, şirkətin xidmətlərinin təhlükəsizliyinə, yaxud müştəri datasına risk yaratmayıb.
Şirkətin məlumatına görə, ABŞ-ın hökumət agentlikləri və digər firmaları kimi şəbəkə idarəçiliyi proqramının yeniləməsini SolarWinds şirkətindən yükləyib. Sonuncu şirkətsə hakerlərin hədəfində imiş. Müdaxilə olunmuş proqram hakerlərə hökumət və şirkət şəbəkələrinə çıxış verib.
Buna da bax: Etirazçılardan Navalnıya işıqlı dəstək
Microsoft onda deyirdi ki, haker əməliyyatını “çox qabaqcıl dövlət oyunçusu” gerçəkləşdirib, bir sıra ölkələrdə şirkətlərə ziyan dəyib. Kanada, Meksika, Belçika, İspaniya, Britaniya, İsrail və Birləşmiş Ərəb Əmirlikləri bu sırada idilər.
O zaman ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden kiberhücumun “böyük narahatlıq” yaratdığını deyərək ölkənin müttəfiqləri və tərəfdaşları ilə birlikdə günahkarlara “ciddi bədəl” ödətdirəcəyini vəd edib.