Müsavat fəallarının saxlandığı bildirir

Polis

Müsavat: "Saxlananlar sərbəst buraxılıb"

Fevralın 14-də saxlandığı bildirilən Müsavat Partiyası üzv və təəssübkeşlərinin fevralın 15-də saat 14 radələrində sərbəst buraxıldığı deyilir.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasının mətbuat katibliyindən bildiriblər: "Saxlanmış beş nəfərdən izahat alınıb və sonra sərbəst buraxılıblar. Heç kəs cərimə edilməyib və heç kəsə inzibati cəza verilməyib".

Bu deyilənləri, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

+++

Fevralın 14-ü axşam saatlarında Suraxanı rayon Polis İdarəsinin əməkdaşlarının Bakıda Müsavat Partiyasının yerli fəallarını saxladığı bildirilir.

Bu barədə AzadlıqRadiosuna Müsavat Partiyasından məlumat veriblər.

Məlumatda qeyd edilir ki, saxlanan beş nəfərdən ikisi -Nizaməli Süleymanov və Vüqar Süleymanov partiyanın Suraxanı rayon şöbəsinin üzvləri, digər üç nəfər isə partiyanın təəssübkeşləridir: "Bu şəxslər təşkilat özəyinin iclasını keçirmək istəyiblər".

Partiyadan verilən məlumata görə, saxlanan beş fəal Suraxanı rayon 30 saylı polis bölməsinə aparılıb. "Daxili İşlər Nazirliyi (DİN) ilə əlaqə saxladıq. Bildirdilər ki, adı çəkilən şəxslər karantin rejiminin pozulmasına görə saxlanıblar, təhqiqatdan sonra sərbəst buraxılacaqlar, hələ ki, buraxılmayıblar", - partiyanın mətbuat xidmətindən söyləyiblər.

Bu deyilənlərə, hələlik, DİN-dən münasibət almaq mümkün olmayıb.

Koronavirus pandemiyası ilə bağlı ötən il martın 24-dən Azərbaycanda karantin rejimi hökm sürür.