Kino yalnız əyləncə deyil. O, həm də çox universal bir incəsənət növüdür. Kino elmlə sənətin, reallıqla illüziyanın toqquşmasından yaranıb. Elmi ixtiradan doğan bu sənət növündə hekayə, ədəbiyyat, rəsm, teatr, rəqs və musiqi harmonik şəkildə birləşərək sehrli bir aləm yaradır.
Tomas Edison, Edvin Porter, D.U.Qriffit, U.Dikson, Lümyer qardaşları və Jorj Melyes kino sənətinin ən böyük pionerləri sayılır. Müasir 3D və xüsusi effekt həvəskarlarının çoxu bilmir ki, bütün bunları ilk dəfə məhz Jorj Melyes başlayıb. O, kinoda həm elmi fantastika janrının, həm də xüsusi effektli filmlərin banisi sayılır.
Ayaqqabı fabrikindən başlayan yol
Jorj Melyes 1861-ci ildə Parisdə doğulub. Onun ailəsinin Sen-Marten bulvarında ayaqqabı fabriki var idi. Melyes klassik təhsil alsa da, onun yaradıcılığa marağı digər biliklərini üstələyib. 10 yaşında ikən kartondan kuklalar düzəldir, dərs zamanı dəftərində karikatura və rəsmlər çəkirmiş. Gənc vaxtlarında, Londonda oxuduğu zaman səhnə illüziyalarına marağı yaranır. O, tanınmış londonlu illüzionist Con Nevil Maskelaynın işlətdiyi Misir zalını (Egyptian Hall) müntəzəm ziyarət edirmiş.
1880-ci ildə Parisə qayıdan Melyes atasının təzyiqi ilə ailə biznesinə qoşulmalı olur. Ancaq yaradıcılığa olan həvəsi onu tez-tez Rober-Uden Teatrına gətirirdi. Bu teatrın əsasını məşhur sehrbaz Jan Ejen Rober-Uden qoymuşdu. O, fokus dərsləri alır və tezliklə Qreven Muzeyinin Fantaziyalar otağında çıxış etməyə başlayır. 1888-ci ildə atası təqaüdə çıxandan sonra Melyes ailə biznesindəki payını iki qardaşına satıb sevdiyi Rober-Uden Teatrını satın alır.
Min franka film proyektoru
1895-ci il dekabrın 28-də Parisdəki "Salon Indien du Grand Café"də tarixi hadisə baş verir: hərəkətli şəkilləri qeyd, emal və proyeksiya edə bilən "sinematoqraf" adlı cihazın köməyi ilə Lümyer qardaşlarının 10 qısa filmi nümayiş etdirilir. Hərəsinin uzunluğu 38 – 49 saniyə olan bu filmlər realistik hərəkətli görüntüləri əks etdirən ilk sənədli filmlər idi. Filmlərin nümayişi zamanı auditoriyada olan Jorj Melyes gördüklərindən riqqətə gəlir və bu yeni qeyri-adi ixtiranın böyük potensialı olduğunu anlayır.
Bu sehrli dünyanın bir parçası olmağı hər şeydən çox istəyən Melyes tamaşadan sonra Lümyer qardaşlarına yaxınlaşaraq onların "Sinematoqraf" cihazlarından birini satın almağı təklif edir. Qardaşların 10 min franklıq bu ciddi təklifi rədd etməsi onu məyus edir. Bunun əvəzində Melyes Londona gedir və 1000 franka Robert Polun "Animatoqraf" film proyektorunu alaraq onu dəyişdirir və öz kinokamerasına çevirir. 1896-cı ildə o, artıq özünün inqilabi qısa filmlərini çəkirdi.
İlk elmi fantastik film
Melyes ilk dəfə kinoda hekayə və ifanın köməyi ilə, ənənəvi teatr elementlərini hərəkətli görüntülərlə kombinə etməklə teatrda mümkün olmayan tamaşaların yaradılmasının mümkünlüyünü anlamışdı. Onun kinoya əsas töhfəsi də bu idi.
Melyes zaman və məkanı manipulyasiya və təhrif etməklə görüntülərin qəfildən peyda olması, yoxa çıxması, bir adamın ekranda iki adama çevrilməsi, ekranın bölünməsi, görüntülərin üst-üstə düşməsi, yavaş-yavaş solub itməsi kimi xüsusi effektlər yaradırdı. O, hətta hər bir kadrı əllə boyayaraq bir çox filmlərinə rəng qatmışdı. Bu üsullarla o, kinematoqrafiyanı adi çəkilişdən xəyal dolu hekayə danışma vasitəsinə çevirmişdi. 1897-ci ildə Melyes Montröydə çəkiliş və illüziyaları üçün yeni şüşə studiya qura bilir.
Melyesin 1902-ci ildə çəkdiyi məşhur "Le Voyage dans la Lune" (Aya səyahət) səssiz filmi tarixdə ilk elmi fantastik film sayılır. O, həm də kino tarixinin ən vacib filmlərindən biridir. Filmin çəkilişi üçün ideyalar ən müxtəlif mənbələrdən, o cümlədən Jül Vernin "Yerdən Aya" və "80 gün dünya ətrafında" romanlarından götürülüb. Filmdə bir qrup astronom topdan atılmış kapsulun içərisində Aya səyahət edir. Burada onlar yerin altında yaşayan Ay sakinlərindən qaçmağa və selenit kristalının köməyi ilə Yerə qayıtmağa məcbur olurlar. Ayı gözündən vuran raketin görüntüsü kinematoqrafiya tarixində ən əfsanəvi görüntülərdən biridir. Filmin orijinalı itirilib, daha sonra tapılıb. Əllə rənglənmiş versiya isə 1993-cü ildə tapılıb və 2011-ci ildə bərpa edilib.
500-dən çox film və...
Jorj Melyes ümumilikdə 500-dən artıq film çəkib. Bu filmlərin hər birinin maliyyələşdirilməsi, rejissor, aktyor və fotoqrafiya işi, səhnə quruluşu və kostyum dizaynı onun özünə aiddir. Çox vaxt filmlərinə ilham pərisi olan həyat yoldaşını da çəkirdi. Melyesin filmləri bütün dünyada böyük uğurla qarşılanırdı. Bir çoxları onun filmlərini kopiyalayır, bəziləri isə hətta pirat versiyalarını çıxarırdı.
Ancaq 1914-cü ildə başlayan Dünya müharibəsinin amansız reallıqları ictimaiyyətin onun fantastik filmlərinə marağını öldürür. Beləliklə, müflis olmuş Melyes kino işini tərk etməli olur. Öz innovativ studiyasını varyete teatrına çevirməli olur. Onun sevimli Rober-Uden teatrı isə sökülür.
1917-ci ildə Fransa ordusu Montröydəki mülkündəki əsas studiyanı yaralı əsgərlər üçün hospitala çevirir və Melyes kino şirkətinə məxsus 400-dən artıq orijinal kopiyanı müsadirə edir. Onları əridərək hərbi çəkmələrə daban düzəltmək üçün gümüş və sellüloza əldə edirlər. Melyesin özü qəzəbindən neqativləri, rekvizit və kostyumlarını yandırır. Bundan sonra Monparnas vağzalında kiçicik oyuncaq dükanı işlətməklə yoxsulluq içində dolanır.
1920-ci ildə Melyesin kino sənətinə nəhəng töhfəsi yenidən tanınmağa başlayır. Ona Fəxri Legion Ordeni verilir. Ancaq o, bundan sonra da ömrünü yoxsulluq içində davam etdirir və 1938-ci ildə ahıllar evində dünyadan köçür.