COVID-19 pandemiyası dövründə kino və incəsənət insanları ruhdan düşməyə qoymayan nəsnələrdəndir. Qarşıdan mükafatlar mövsümü gəlir. Ötən aylar ərzində təxirə salınmış bir neçə filmin böyük və kiçik ekranlara çıxma tarixi bilinməsə də, üzərilərində çox maraqlı rejissorların adları var.
"Variety" saytı 2021-ci ildə çıxacaq ən həyəcanlı filmlərin siyahısını tərtib edib. Onların arasında elmi fantastik, futuristik, superqəhrəman filmləri də var. Bu il istər meynstrim, istərsə də müstəqil kinoda inklüzivlik baxımından da maraqlı olmalıdır.
Ues Anderson. "The French Dispatch". Ues Andersonun danılmaz kreativ baxışı ona 2001 – 2018-ci illər arasında dörd fərqli kateqoriyada 7 "Oskar" nominasiyası qazandırıb. "The French Dispatch"in premyerası ötən ilin Kann kinofestivalına olmalı idi. Ancaq film məlum səbəblərdən bu il, hələlik bəlli olmayan tarixdə göstəriləcək.
Buna da bax: 'Oskar'ın avropalı namizədləriBritaniyalı kinorejissor Andrea Arnoldun "Cow" filmi iki inəyin yaxından çəkilmiş həyat portretidir.
Helli Berrinin "Bruised" filmi Toronto Beynəlxalq Film Festivalında "Netflix" tərəfindən seçilib və alınıb. Filmdə keçmiş MMA döyüşçüsü olan qadın oğlunun qəyyumluğunu geri almaq və idman karyerasını yeniləmək üçün mübarizə aparır.
Coel Koenin "The Tragedy of Macbeth" filminin ssenarisini rejissorun özü Şekspirin pyesi əsasında yazıb. Denzel Vaşinqton, Frensis Makdormand, Brendan Qlison, Kori Hokins, Mozes İnqrem kimi aktyorların rol aldığı filmdə üç cadugər bir şotland lordunu Şotlandiyanın növbəti kralı olacağına inandırır. Onun iddialı həyat yoldaşı isə onu hakimiyyəti ələ keçirmək uğrunda mübarizədə dəstəkləyir.
Bredli Kuper. "Maestro" (Netflix). İstedadlı Bredli Kuper tamaşaçılara özünü həm aktyor, həm də rejissor kimi sevdirə bilib. Bu yeni filmin çəkilişlərinin apreldə başlanacağı gözlənilir. "Maestro" Leonard və Felisiyanın 30 il davam edən mürəkkəb sevgi hekayəsidir. 1946-cı ildə tanış olan cütlüyün sevgi hekayəsinə 25 illik evlilik və 3 övlad da daxildir.
Buna da bax: Sərxoş rollarına necə çəkilirlərGilyermo del Toro. "Nightmare Alley". Bredli Kuper, Keyt Blanşett, Uillem Defo, Toni Kollettin rol aldığı filmdə bir neçə seçilmiş sözün köməyi ilə insanları manipulyasiya etmək bacarığına malik iddialı gənc sirk ustası özündən də manipulyativ qadın psixiatrla tanış olur.
Ridli Skott. "The Last Duel". Görünür, 2021-ci il 83-yaşlı rejissor Ridli Skottun yaradıcılığını qeyd etmək ilidir. Martda onun "Gladiator" filminin "ən yaxşı film" nominasiyasında "Oskar" mükafatına layiq görülməsinin 20, "Thelma&Louise" filminə görə ilk nominasiyasının 30 ili tamam olur. Bundan başqa, onun "The Duelists" filmi ilə Hollivuda gəlməsinin 44 ili tamam olur. Ssenarisini "Oskar" mükafatçıları Ben Afflek və Mett Deymonun yazdığı "The Last Duel" filmi ilə bağlı böyük gözləntilər var. Film XIV əsr Fransasında qadın əsarəti fonunda xəyanət və intiqam haqqındadır.
Stiven Spilberqin "West Side Story" filmi sevilən bəstəkar Leonard Bernstaynın eyniadlı müzikli və Şekspirin "Romeo və Cülyetta"sı əsasında çəkilir. Filmdə qadağan olunmuş sevgi və fərqli etnik kimliyi olan iki yeniyetmə küçə dəstəsi arasındakı rəqabətdən söz açılır.