Əfv Komissiyasının üzvü: ‘Mindən çox müraciət daxil olub’

Əfv sərəncamın icrası, Bakı, arxiv foto

Son günlər Prezident yanında Əfv Komissiyasıßnın bir neçə iclası keçirilib. Həmin Komissiyanın iclaslarının keçirilməsi də mart ayında əfv sərəncamının imzalanacağı barədə fikirləri intensivləşdirib. Komissiya üzvləri istisna etmirlər ki, Novruz Bayramında (martın 21-i) sərəncam imzalana bilər.

“Bu məsələ dövlət başçısının müstəsna konstitusion səlahiyyətidir”

Əfv Komissiyasının üzvü, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev da deyir ki, bütün müraciətlərə hərtəfəli baxılır.Onun sözlərinə görə də, komissiyanın iclaslarının başlanması növbəti əfv sərəncamının imzalanmasına gətirib çıxarda bilər:

“Ancaq sərəncamın imzalanması vaxtı cənab Prezident tərəfindən müəyyənləşdirilir. Çünki bu məsələ dövlət başçısının müstəsna konstitusion səlahiyyətidir”.

“Müxtəlif kateqoriyalı məhkumlar müraciət edib”

Əliməmməd Nuriyev, 24 setyabr 2009

Əliməmməd Nuriyev ən müxtəlif tipli müraciətlər təqdim olunduğunu söyləyib:

“Mindən çox müraciət daxil olub, müxtəlif kateqoriyalı məhkumlar müraciət edib”

Onun sözlərinə görə, müraciət edənləri qadınlar, kişilər, hərbçilər, mülki şəxslər, yaşlılar və cavanlar kimi təsnifatlaşdırmaq olar:

“Bu məsələdə fərq qoyulmur, çünki hər kəs əfv üçün müraciət edə bilər. Böyük ictimai təhlükəli sayılmayan cinayət etmiş şəxslər məhkəmənin hökmü qüvvəyə minəndən, az ağır cinayət edənlər cəzanın üçdə birini çəkəndən, ağır, xüsusilə ağır cinayət edənlər cəzasının yarısını çəkəndən, ömürlük azadlıqdan məhrum olunmuşlar isə cəzasının 10 ilini çəkəndən sonra müraciət edə bilər”

Buna da bax: Şennax: ‘Bütün bunları prezidentlə üzbəüz danışmalıyıq’

“Əqidəsindən, düşüncəsindən asılı olmayaraq...”

Komissiya üzvünün vurğulamasına görə, məhkumların özləri, vəkilləri, hüquq müdafiəçiləri, cəzaçəkmə müəssisəsinin rəsmiləri və yaxınları müraciət etmək hüququna malikdirlər. İmzalanacaq sərəncamda kimlərin olmasına gəlincə, Əliməmməd Nuriyev bildirib ki, bu barədə qəti qərarı cənab Prezident veriləcəyindən hər hansı məlumat söyləyə bilməz:

“Məhz hər hansı şəxs barədə məlumatın verilməsi yolverilməzdir və nə etik qaydalara uyğundur, nə də konfidensiallığa”.

O, əqidəsindən, düşüncəsindən asılı olmayaraq bütün müraciətlərə baxıldığını deyir:

“Müraciətlər hərtərəfli araşdırılır və müvafiq tövsiyyə xarakterli qərarlar qəbul edilib cənab Prezdentə təqdim olunacaq”.

"Sonuncu dəfə..."

Rüfət Səfərov, 3 avqust 2020

“Müdafiə xətti” təşkilatının koordinatoru Rüfət Səfərov da bu mövzuda Azadlıq Radiosuna danışarkən Azərbaycanda siyasi məhbuslarla bağlı vahid siyahının olmamasına diqqət çəkib:

“Sonuncu dəfə hüquq müdafiəçisi Leyla Yunusun yaydığı siyahıda 146 məhbusun adı var, İşçi Qrupu isə siyahısını yeniləməyib. Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) yanvarın 30-da siyasi məhbuslarla bağlı qətnaməsində müxtəlif kateqoriyalı məhbuslar var, jurnalistlər, bloqçular, ictimai xadimlər və başqaları”.

Buna da bax: Azərbaycandan elə hey Avropaya yazırlar...


“1993-cü ildən sonra...”

Rüfət Səfərov hesab edir ki, nə vaxta qədər sərt idarəetmə davam edəcək, siyasi məhbus problem həll olunmayacaq:

“Bu məsələdə gerçəkçi olmaq lazımdır, 1993-cü ildən sonra elə bir mərhələ olmayıb ki, siyasi məhbussuz dövr yaşansın. Sadəcə, yerlər dəyişdirilir, 2019-cu ilin martında mən də daxil 51 nəfər məhbus azad olundu. Ədalət naminə xeyli yüngülləşmə oldu, o zaman məhbəslərdə 50-60 siyasi məhbus qalmışdı. Qısa müddət sonra hakimiyyət yeri doldurdu. Siyasi məhbus nə deməkdir, fərqli düşünən, hakimiyyətin siyasətinə müxalif mövqe qoyan”

Bakıda səsvermə, arxiv foto

“Demokratik seçki keçirilməli,...”

Onun deməsinə görə, bu baxımdan indiki hakimiyyət dönəmində siyasi məhbusların olması normaldır: “Çünki vicdan, söz və ifadə azadlığı formal xarakter daşıyır”.

Rüfət Səfərov siyasi məhbus probleminin həllini xalq hakimiyyətinin formalaşmasında görür:

“Demokratik seçki keçirilməli, insan hüquq və azadlıqları təkcə formal yox, faktiki şəkildə hökumət tərəfindən tanınmalıdır ki, insanlar fərqli düşündüyünə görə təqibə məruz qalmasın”.

Buna da bax: Əfv siyahısına kimlər salınır


Xatırlatma

Azərbaycanda sonuncu əfv sərəncamı ötən ilin aprel ayında imzalanıb.

Həmin əfv sərəncamı dünyada koronavirus infeksiyasının yayılması ilə əlaqədar yaşı 65-dən yuxarı olan və risq qrupunda sayılan məhkumlara şamil olunmuşdu.Həmin əfv sərəncamı ilə 176 nəfər azadlığa buraxılıb.

Bir sıra yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, Azərbaycanda 150-yə yaxın siyasi məhbus var.Amma rəsmilər isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər.Rəsmilər deyirlər ki, siyasi məhbus sayılan şəxslər sırf törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.