Birləşmiş Ştatlarda koronavirusdan ölüm 500 minə yaxınlaşır. Bu arada ölkədə vaksinasiya kampaniyası genişlənir, yoluxma hallarında isə azalma müşahidə olunur.
Fevralın 21-də axşam ABŞ-da COVID-19-dan ölü sayı 498 min 883 nəfər olub.
Dünya üzrə virusdan ölüm 2.5 milyona yaxınlaşır, amma real rəqəmin daha yüksək olduğu düşünülür.
Buna da bax: Rusiya üçüncü vaksini təsdiqləyir
Yoluxmalarda yeni tendensiya
Birləşmiş Ştatlar virusun üçüncü dalğasından çıxır, yeni yoluxmalar, xəstəxanaya yerləşdirilənlər, ölüm hallarında son həftələr səngimə müşahidə olunur.
Amma səhiyyə rəsmiləri pandemiyanın hələ bitmədiyini deyirlər. Virusun yeni variantlarının isə yoluxmaları daha da sürətləndirəcəyi sarıdan narahatlıq var.
Noyabrda Almaniyada qismən karantin elan olunması son həftələr yoluxma hallarına təsirinə göstərib. Amma son günlər yoluxmalarda qeyd olunan artım daha yoluxucu Britaniya ştammı ilə əlaqələndirilir. Hazırda yoluxmaların azı 22 faizinin bu variantla bağlı olduğu bildirilir.
Bu data narahatlıq yaradır, çünki fevralın 22-dən Almaniyanın 16 vilayətindən 10-da məktəblərin yenidən açılması planlaşdırılır.
Avropa Birliyinin digər yerlərində olduğu kimi, Almaniyada da təchizat problemləri üzündən vaksinasiya ləng gedir.
Buna da bax: Bütün dünyada yoluxmalar azalsa da…
Britaniya, Avstraliya
Böyük Britaniyada isə hökumət iyulun sonunacan böyüklərin hamısına peyvənd vurmağı planlaşdırır.
Britaniyada 17 milyondan çox insana vaksinin birinci dozası vurulub. Bu, hər üç yetkin yaşlıdan biri deməkdir.
Fevralın 22-də Baş nazir Boris Consonun son karantini yüngülləşdirmək üçün yol xəritəsini açıqlayacağı gözlənir.
Bu gündən Avstraliya kütləvi COVID-19 vaksin proqramına start verir. İlk növbədə tibb işçilərinə və yaşlılara peyvənd vurulacaq.
Digər inkişaf etmiş ölkələrlə müqayisədə Avstraliyada yoluxma və ölüm statistikası böyük olmayıb. Buna da sərhədlərin bağlanması, səhiyyə qadağaları, təmasların izlənməsi səbəb olub.
Dünya üzrə 205 milyon dozadan artıq peyvənd vurulsa da, bunun 92 faizi yuxarı və yuxarı-orta gəlirli ölkələrin payına düşüb.