Myanmada onminlərlə insan yürüşə çıxıb

Myanmada dəfn mərasimi

Fevralın 22-də Myanmada (Birma) onminlərlə insan dövlət çevrilişinə etiraza çıxıb. Hərbi xunta isə nümayişi zorla dağıtmağa hazır olduğunu bildirib.

Həftəsonu etirazlarında üç etirazçı güllələnərək öldürülüb. Fevralın 21-də isə daha öncəki yürüşdə öldürülmüş gənc qadının dəfn mərasimi keçirilib.

Vaşinqton fevralın 21-də gərginliyin artmasıyla bağlı xəbərdarlıq edib.

“Birləşmiş Ştatlar Birma xalqına zorakılıq edənlərə qarşı sərt tədbirləri davam etdirəcək. Əhali demokratik yolla seçdiyi hökumətin bərpasını tələb edir”, – Dövlət katibi Entoni Blinken tvitində yazıb.

Fevralın 1-də ordu dövlət çevrilişi edərək hakimiyyəti ələ alıb, mülki lider Aunq San Suu Kyini saxlayıb.

O vaxtdan başlanan vətəndaş itaətsizliyi kampaniyası hökumətin, biznezlərin, bankların işinə zərbə vurub.

Xunta fevralın 21-də bəyanatında etirazçıları “iğtişaş və anarxiya”nı qızışdırmamağa çağırıb.

Birləşmiş Ştatlar, Kanada və Britaniya Birmanı idarə edən generallara sanksiyalar tətbiq edib.

Fevralın 22-də Avropa Birliyinin xarici işlər nazirləri Myanma generallarına qarşı öz sanksiyalarını açıqlamalıdırlar.