Azərbaycanda əhalinin hər 100 min nəfərinə düşən intiharların sayı orta hesabla 5 fakt təşkil edir.
Bu açıqlamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yayıb.
Komitə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜDS) hesablamalarına yer verib: "ÜST-nın məlumatlarına əsasən, dünyada ən çox intihar hadisəsi Avropa ölkələrində baş verir. Ön sıralarda Litva (hər 100 min nəfərə 31.9 intihar), Rusiya (hər 100 min nəfərə 31 intihar) və Belçika (hər 100 min nəfərə 20.7 intihar) kimi ölkələr yer alır. Azərbaycana gəlincə, əhalinin hər 100 min nəfərinə düşən intiharların sayı orta hesabla 5 fakt təşkil edir. Müqayisə üçün qonşu Gürcüstanda bu say 8.2 –dir".
Komitə hesab edir ki, intiharın qarşısının alınması istiqamətində bir neçə məqam xüsusi vurğulanmalıdır:
- Möhkəm, tam formalaşdırılmış mənəvi dəyərlər;
- İnsanın hiss etdiyi yaradıcı potensial və öz istedadını tamamilə açmaq istəyi;
- Dəqiq məqsədlər və arzularını reallaşdırmaq istəyi;
- İntiharın mənasızlığı və təbiətəzidd olduğunu anlamaq...
Komitə kiçik övladlar qarısında öhdəlik, intiharın şəxsiyyətin zəifliyinin göstəricisi olduğuna inam və başqa amilləri də bu sıraya aid edib.
Amma bəzi ekspertlər Azərbaycanla bağlı statistikaya bir qədər şübhə bəsləyirlər.
Son günlər sosial şəbəkələrdə Azərbaycanda gənc qızların intiharı ilə bağlı bir sıra məlumatlar yayılıb. Baş prokurorluqdan bu məlumatların araşdırıldığı bildirilib.