Qərb mediası Gürcüstandan nə yazır

Tbilisidə Nika Meliaya azadlıq tələb olunur, 23 fevral, 2021-ci il

"Özünü demokratiyada geriləməyə qarşı səfərbər edə biləcək bir xalq varsa, onlar da gürcüstanlılardır"

Fevralın 23-də Tbilisidə Gürcüstan müxalifətinin lideri Nika Melianın saxlanması Qərb mediasının aparıcı mövzularındandır. “Foreign Policy” dərgisi yazır ki, Melia barəsində həbs qətimkan tədbirinin gerçəkləşməsi regionun yeganə demokratiyasını böhrana sürükləyir.

Birləşmiş Milli Hərəkatın (BMH) lideri Melianın həbsindən sonra minlərlə etirazçı küçələrə çıxaraq onun azadlığa buraxılmasını tələb edib.

Buna da bax: Konqresmenlər Meliaya azadlıq tələb edirlər

Bayden administrasiyası üçün sınaq

“Bu böhran ABŞ Prezidenti Co Bayden administrasiyasının dünyada demokratiya və insan haqlarını müdafiə etmək vədindən ötrü sınaqdır. Avropa Birliyi və NATO üzvlüyünə can atan Gürcüstan Birləşmiş Ştatların yaxın müttəfiqi olub”, – məqalədə deyilir.

“Bu, Gürcüstan üçün ölüm-dirim anıdır”, – Prezident Corc Buş administrasiyası dövründə Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisi işləmiş Deyvid Kramer deyib.

“Beynəlxalq ictimaiyyət sürətlə və qətiyyətlə reaksiya verməli, deməlidir ki, Melia buraxılmasa, bütün partiyalar danışıqlar masasına qayıtmasalar, Gürcüstanı bu böhran həddinə sürükləyənlərə sanksiyalar tətbiq olunacaq”, – o, sözlərinə əlavə edib.

Məqalədə deyilir ki, Qərbin sanksiyaları Gürcüstan rəsmilərinə digər postsovet respublikalarından daha çox təsir göstərə bilər. Çünki onlar siyasi səbəblərdən öz aktivlərini Rusiyaya köçürə bilməzlər.

“Burada Qərbin təzyiqi digər ölkələrdən daha əhəmiyyətlidir”, – Tbilisidən siyasi elmlər professor Qia Nodia deyib.

Buna da bax: Tbilisidə etiraz aksiyası keçirilir

“Avtoritarizmə yuvarlansa...”

Atlantik Şurasının portalında da ekspertlər Gürcüstanda baş verənləri şərh edirlər.

Şuranın Avrasiya Mərkəzinin direktoru, Səfir Con Herbstin fikrincə, Gürcüstanda tərəflərin hamısı de-eskalasiyaya getməlidirlər. Onun fikrincə, son 18 il ərzində Gürcüstan qaynayan demokratiya kimi formalaşır, zaman-zaman avtoritar istiqamətə meyllənir. Bu meyllənmə son bir neçə ildə özəlliklə qabarıq görünür.

“Gürcüstan hökuməti Melianı dərhal azad etməli, BMH ilə siyasi rəqabətini demokratik vasitələrlə idarə etməlidir. Gürcüstan demokratik dövlət olduğundan onun NATO və AB-yə üzvlük niyyətlərinə dəstək verməyə dəyər. Amma əgər avtoritarizmə yuvarlansa, Gürcüstanın xeyrinə arqumentlər zəifləyir”, – o, sözlərinə əlavə edir.

Buna da bax: Amnesty Navalnının ‘vicdan məhbusu’ statusunu geri alır

Gürcülər demokratik geriləməyə qarşı

Atlantik Şurasının Avrasiya Mərkəzinin ştatdankənar aparıcı elmi əməkdaşı Terrel Jermen Star isə yazır ki, Melianın həbsinin işıqlı tərəfi gürcüstanlıların əvvəllər də oxşar prosesləri yaşamış olmasıdır. 2003-cü ildə yüzminlərlə insan küçələrə çıxaraq Eduard Şevardnadzenin vəzifədən getməsinə nail oldu.

“Keçmiş Sovet İttifaqında çox az xalqda gürcüstanlıların azadlıq ruhu var. Bəli, pis vəziyyət yaranıb, ABŞ Baş nazir İrakli Qaribaşvili hökuməti ilə işləməli, onun yadına demokratik dəyərlərlə bağlı öhdəliyini salmalıdır. Amma yenə də, bu ölkədə yaşamış və Qızılgül inqilabının şahidi olmuş biri kimi deyirəm. Özünü demokratiyada geriləməyə qarşı səfərbər edə biləcək bir xalq varsa, onlar da gürcüstanlılardır”, – Star vurğulayır.