Yenə minaya düşən var

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi

Fevralın 25-də günorta saatlarında Cəbrayıl rayon sakini bu rayonun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində minaya düşüb.

Bu barədə "Turan" agentliyinə rayon prokurorluğundan məlumat verilib.

Məlumata görə, o, kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən piyada əleyhinə minaya düşüb: "Nəticədə o, müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı Cəbrayıl rayon Prokurorluğu tərəfindən araşdırma aparılır".

Bir neçə gün öncə mal-qara otararkən də Cəbrayil rayonunun işğaldan azad edilən ərazisində bir şəxsin minaya düşərək xəsarət aldığı bildirilmişdi.

Azərbaycanın rəsmi qurumlarının açıqlamasına görə, noyabrın 10-dan bəri minaya düşdüklərindən 15 civarında şəxs həlak olub, 60-dan çoxu isə yaralanıb. Onların arasında hərbi qulluqçular da var.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.