Birmada etirazçılar dağıdılır

Yanqonda etiraz aksiyası

Fevralın 26-da Birmanın ən böyük şəhəri Yanqonda təhlükəsizlik qüvvələri dövlət çevrilişinə qarşı çıxan mindən çox etirazçını dağıtmağa başlayıb.

Nümayişçilər şəhərdə populyar ticarət mərkəzi qarşısına yığışaraq 1 fevral çevrilişini pisləyən plakatlar qaldırıblar. Əraziyə suvuran maşın gətirilib.

50-dək polis əməkdaşı etirazçılara qarşı hərəkətə gələrək xəbərdarlıq atəşləri açıblar. Azı bir nümayişçinin saxlandığı bildirilir. Etirazçılar əsas yoldan çıxarılıb, təhlükəsizlik qüvvələri onları yan küçələrdə də təqib edib.

Fevralın 1-də Birmanın hərbi xuntası Aunq San Syu Kyinin seçilmiş hökumətini devirib. Beynəlxalq ictimaiyyət bu hadisəni pisləyib, ölkədə də getdikcə etiraz dalğası güclənir.

Suu Kyi çevrilişdən sonra görünməyib. Onun 50-cən tərəfdarı fevralın 26-da Yanqondakı evi qarşısında ibadət edib.

Suu Kyinin paytaxt Neypidoda saxlandığı güman edilir. Onun gələn həftə məhkəmə qarşısına çıxarılacağı gözlənir.

ABŞ daxil olmaqla bir sıra ölkələr Myanma ordusuna sanksiyalar tətbiq edib.