Elmar Hüseynovsuz 16 il

Sizin brauzer HTML5-i dəstəkləmir

Elmar Hüseynov yaddaşlarda. Video arxiv

Bu gün, martın 2-də "Monitor" jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovun öldürülməsinin 16 ili tamam olur. O, 2005-ci il martın 2-də yaşadığı evin qarşısında odlu silahla qətlə yetirilib. Hadisənin üstündən 16 il keçsə də, qətlin sifarişçisi (sifarişçiləri) və icraçısı (icraçıları) hələ də məsuliyyətə cəlb olunmayıblar.

Ölümündən sonra jurnalistin həyat yoldaşı azyaşlı oğlu ilə birgə Norveçə mühacirət edib.

E.Hüseynov 1967-ci il iyulun 17-də Bakıda doğulub. O, 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunu bitirib. Bir müddət ixtisası üzrə çalışıb.

E.Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də "Trend" analitik-informasiya agentliyini, 1996-cı ildə isə "Monitor" jurnalını təsis edib. O, həmçinin, "Bakinski bulvar", "Bakinskiye vedomosti" qəzetlərinin təsisçisi olub.

2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) E.Hüseynovun qətli ilə bağlı qərar verib. Bununla bağlı AİHM-a mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərarda qeyd edilirdi ki, hökumət E.Hüseynovun qətlə yetirilməsi olayı üzrə açılan cinayət işini effektiv aparmayıb. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro cərimələnib.

Ancaq Azərbaycan hüquq-mühafizə orqanları da bəyan ediblər ki, onlar bu qətlin açılması üçün bütün lazımı səyləri göstərirlər.