Kabil Universitetinin professoru öldürülüb

Martın 2-də öldürülmüş TV işçilərindən biri

Qruplaşmanın yerli qanadı bəyan edib ki, martın 2-də Nangarhar vilayətində hücumu onun silahlıları həyata keçirib

Martın 3-də Əfqanıstan paytaxtında Kabil Universitetinin professoru və dinşünas alim güllələnərək öldürülüb. Kabil polisin sözçüsünün deməsinə görə, Faiz Məhəmməd Fayez məscidə sübh namazına gedərkən qətlə yetirilib.

Hücuma görə məsuliyyəti üzərinə götürən olmayıb.

İki həftə öncə Kabil Universitetinin iki mühazirəçisinin olduğu maşına qoyulmuş bomba partlayıb, hər ikisi həlak olub.

***

“İslam Dövləti” üç qadının ölümünə görə məsuliyyəti götürüb

“İslam Dövləti” (İD) ekstremist qrupu Əfqanıstanın şərqindəki Cəlalabad şəhərində telekanalın üç qadın əməkdaşının ölümünə görə məsuliyyəti götürüb. Qruplaşmanın yerli qanadı bəyan edib ki, martın 2-də Nangarhar vilayətində hücumu onun silahlıları həyata keçirib.

Məlumatı silahlıların onlayn fəaliyyətini izləyən SITE Kəşfiyyat Qrupu yayıb.

Qadınların çalışdığı Enikass TV onların təzəlikcə orta məktəbi bitirdiyini, 18-20 yaşları olduğunu bildirib. Qadınlar işdən evə gedərkən güllələniblər.

Dekabrda İD Cəlalabadda Enikass TV üçün işləyən qadın aparıcını və onun sürücüsünü qətlə yetirmişdi.

Son aylar Əfqanıstanda jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına, məmurlara hücumlar onların ölümüylə nəticələnir. Bu arada Qətərdə Əfqanıstan hökumət təmsilçiləri ilə talibançılar arasında sülh danışıqları davam edir.

İnsan haqları qruplarının mövqeyinə görə, qətllərdə məqsəd ölkədə müstəqil səsləri və vətəndaş cəmiyyətini susdurmaq, qorxutmaqdır.