Avropa İttifaqı Yanukoviçin sanksiyalarını uzatsa da...

Viktor Yanukoviç (solda) və Vladimir Putin (2013-cü il)

Avropa İttifaqının diplomatları Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin və onun çevrəsinə daxil yeddi nəfərin üzərindəki sanksiyaların müddətini uzatmaq barədə razılığa gəliblər.

Sözü gedən şəxslərin üzərinə sanksiyalar dövlət vəsaitinin mənimsənilməsi ittihamı ilə qoyulub.

AzadlıqRadiosunun müxbirinə adının çəkilməməsi şərtilə danışan bir Avropa diplomatı deyib ki, ittifaqın xarici işlər nazirləri martın 3-də Ukraynanın keçmiş baş naziri Serhiy Arbuzovun və keçmiş təhsil naziri Dmitro Tabaçnikin adlarını sanksiya siyahısından çıxarmaq qərarına gəliblər.

Nazirlər eyni zamanda Ukraynanın ərazi bütövlüyünə qəsdlə bağlı olduqları düşünülən 177 nəfər və 48 hüquqi şəxsin üzərindəki sanksiyaları daha 6 ay uzadıblar.

Hər iki sanksiya rejimi rəsmən bu həftənin sonundan uzadılmış sayılacaq.

Avropa İttifaqı Ukraynanın moskvayönlü keçmiş prezidentinin, onun ailə üzvləri və yaxın siyasi müttəfiqlərinin üzərinə sanksiyaları onun hakimiyyəti 2014-cü ildə devriləndən az sonra qoyub.

Buna da bax: Rusiya Qərbi ‘odla oynamamağa’ çağırır

Sanksiyadan azad edilənlər olub

Bu da xəbər verilir ki, sözü gedən sanksiya siyahısına daxil şəxslərdən bəziləri sanksiyaların qaldırılmasını məhkəmə müstəvisində mübahisələndirərək qalib gəliblər.

Buna görə ümumlikdə sözü gedən sanksiya siyahısının redaktə olunmasına və hətta ləğvinə çağırışlar edilib.

Avropa İttifaqı diplomatları AzadlıqRadiosuna deyiblər ki, xarici işlər nazirləri Ukraynanın keçmiş vergi və gömrük naziri Oleksandr Klimenkonun və keçmiş prezidentin oğlu Oleksandr Yanukoviçin adlarının siyahıdan çıxarılmasını müzakirə etsələr də, sözü gedən şəxslər indilik sanksiya altında saxlanıb.

2020-ci ildə Ukraynanın keçmiş baş naziri Mikola Azarovun və keçmiş energetika naziri Eduard Stavitskinin üzərindəki sanksiyalar qaldırılıb.

Bundan əvvəl Yanukoviç administrasiyasının keçmiş rəhbəri Andriy Klyuyevin adı sanksiya siyahısından çıxarılmışdı.