Avropa Parlamenti martın 9-da Kataloniyanın separatçı lideri Karles Puçdemonu və onun iki həmkarının toxunulmazlığını ləğv edib. Beləliklə də onların İspaniyaya potensial ekstradisiyasına yol açılır.
Puçdemon, regionun keçmiş səhiyyə naziri Toni Komin və keçmiş təhsil naziri Klara Ponsati ilə bağlı üç ayrı səsvermə zamanı AB-nin 400-dən çox deputatı bu addımın lehinə, 248 nəfəri əleyhinə səs verib, 45 nəfər bitərəf qalıb.
Puçdemon və Komin Avropa Parlamentinə 2019-cu ildə seçiliblər, Ponsati isə ötən il mandat alıb. Parlament üzvlüyü təqibdən toxunulmazlıq verirdi. Amma İspaniya ədliyyəsinin xahişilə parlament toxunulmazlığın ləğvi üzrə təhqiqat başlatdı.
Kataloniya regional hökumətinin keçmiş lideri olan Puçdemon və Komin 2017-ci ilin oktyabrında regionun müstəqilliyi ilə bağlı referendumdan sonra Belçikaya qaçıblar. İspaniya hökuməti bu referendumu qanunsuz hesab edərək onun təşkilatçılarına qarşı sərt tədbirlər gördü. Ponsati isə Şotlandiyada yaşayır.
Puçdemonun İspaniyadakı vəkili deyib ki, müvəkkili bu qərardan Luksemburqda AB-nin yüksək instansiya məhkəmələrinə şikayət verəcək.
İspaniya hökuməti bu şəxslərin qiyam və separatçılıq maddələri ilə ekstradisiyasını istəyir və bugünkü qərarı hüququn aliliyinin qələbəsi adlandırıb.