Meksika marixuananı leqallaşdırır

Livanda marixuana tarlaları

Meksika Konqresinin aşağı palatası marixuananın istirahət məqsədilə istifadəsini leqallaşdırılmasına səs verib. Narkotik maddə kartellərinin zorakılığının tez-tez baş verdiyi ölkə dünyanın ən böyük marixuana bazarına çevrilə bilər.

Martın 10-da qəbul olunmuş layihəni Prezident Andres Manuel Lopez Obradorun Morena partiyası və onun müttəfiqləri dəstəkləyir. Qanunvericiliyin Senatdan da keçəcəyi və prezident tərəfindən imzalanacağı gözlənir.

Bununla 126 milyon əhalisi olan Meksika marixuananı istirahət məqsədilə leqallaşdıran ölkələr sırasına keçir. Bu sırada Uruqvay və Kanada da var.

Birləşmiş Ştatlarda da aparıcı demokratlar bu il narkotik maddəyə federal qadağanın qaldırılmasına çalışırlar. Artıq bəzi ştatlar marixuananın istirahət və tibbi məqsədlə istifadəsini leqallaşdırıb.

Meksikada artıq yetkin yaşlıların marixuana çəkməsinə, evdə onu məhdud sayda becərməsinə icazə verəcək.

Qanunvericiliyin tərəfdarları deyirlər ki, bununla da bu Latın Amerikası ölkəsində 2006-cı ildən bəri 300 minədək insanın həyatına son qoymuş narkotik müharibəsini bitirəcək.

Bəzilərinin fikrincə, layihə bütün məsələləri əhatələmir, kiçik marixuana fermerlərini güclü kartellərin təsirindən necə qurtaracağı bəlli deyil.

Tənqidçilər bu qanunun narkotik zorakılığına son qoymayacağını, narkotik maddədən daha geniş istifadəyə, aludəçiliyə yol açacağını bildirirlər.