Siqaret bahalaşıb?

Siqaret

Bakıda əksər siqaret markalarının qiymətlərinin qalxdığı bildirilir. Paytaxtın bir sıra mağazalarında satıcıların AzadlıqRadiosuna bildirməsinə görə, əməkdaşlıq etdikləri şirkətlərin təmsilçiləri bu gün, martın 11-də səhər erkən bütün növ siqaretlərin 20 qəpik bahalaşdığını vurğulayıblar. Onların deməsinə görə, artıq siqaretləri deyilən qiymətlərə satmağa başlayıblar.

Amma paytaxtın bəzi marketlərində siqaretlərin qiymətində artım müşahidə edilməyib. Həmin marketlərin satıcıları isə deyiblər ki, hələlik, köhnə mallarını satırlar, qiymət artımı barədə onlara heç nə deyilməyib.

Məsələyə, hələlik, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

Xatırlatma

Bu il martın 10-da Azərbaycanda tütün məmulatları və elektron siqaretlərin mayesi üçün yeni aksiz dərəcələri qüvvəyə minib.

1000 ədəd nazik siqaretin aksiz vergisi 31 manatdan 43 manata, 1000 ədəd siqaret üçün 31 manatdan 35 manata qaldırılıb. Elektron siqaretlərin mayesi üçün aksiz vergisi 5 dəfə artırılaraq 1 litri 100 manat təşkil edib.