Azərbaycan 'Sputnik V' vaksini alır

"Sputnik V" vaksini

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə "GAVI ALLIANCE" arasında imzalanan sazişə əsasən, İsveç Krallığının "AztraZeneca" şirkətinə məxsus 432 min doza COVID-19 vaksin dərman vasitəsi 180 günə Azərbaycana gətirilməlidir.

Bu barədə martın 11-də Baş nazir Əli Əsədovun imzaladığı sərəncamda bildirilir.

Habelə, Rusiya Federasiyasının "HUMAN VACCINE" şirkəti ilə imzalanmış sazişə əsasən də, 300 min doza "Sputnik V" dərman vasitəsinin Azərbaycana idxalı 180 gün müddətində həyata keçirilməlidir.

Xatırlatma

Azərbaycanın Çinin "Sinovac" şirkətinə 4 milyon doza vaksin sifariş etdiyi açıqlanıb. (2 milyon əhalinin istifadəsi üçün. Ölkənin 10 milyon əhalisi var) Bu vaksinlərin ölkəyə mərhələlərlə gətirildiyi bildirilib. Rəsmi qurumların bildirməsinə görə, ölkəyə daha 2 milyon əhali üçün də vaksin gətirilə bilər.

Azərbaycanda vaksinasiyaya yanvarın 18-də başlanıb. Hazırkı dövrə qədər 400 mindən çox şəxsin peyvənd olunduğu açıqlanıb.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2.6 milyondan çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyədək ümumilikdə 237 min 260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3 min 250 nəfərin vəfat etdiyi açıqlanıb.