Novruz yarmarkaları başlayır

Bakıda Novruz yarmarkası. 2016

Sabah, martın 13-dən Bakı və Abşeron rayonunda Novruz yarmarkaları açılır. Paytaxtın Nərimanov, Binəqədi rayonları və Xırdalan (Abşeron) şəhəri ərazisində açılan "Kənddən-şəhərə" adlı yarmarkalar martın 19-na qədər sakinlərin xidmətində olmalıdır.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, məqsəd Novruz bayramı ərəfəsində kənd məhsullarına artan tələbatı yerli və daha xeyirli məhsullarla ödəmək, yerli fermerlərə şərait yaratmaqdır.

Məlumata görə, 30-dan artıq regiondan gələn 100-dən çox fermer 60-a yaxın çeşidlə kənd məhsullarının satışını həyata keçirəcək. Açıqlamaya görə, qiymətlər bazarla müqayisədə ucuz olmalıdır.

Nazirliyin məlumatına görə, yarmarkaların təşkili və fəaliyyəti zamanı karantin rejiminin qaydalarına əməl olunacaq. Koronavirus pandemiyası ilə bağlı Azərbaycanda ötən ilin martından karantindir.

Xatırlatma

Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına görə, bu il Azərbaycana bahar martın 20-də yerli vaxtla saat 13:37-də qədəm qoyacaq. 2009-cu ildə Novruz bayramı UNESCO-nun (BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı) Qeyri- maddi mədəni irs siyahısına daxil edilib.

Son dönəmlər hər il Novruz ərəfəsində bayram yarmarkaları təşkil edilir. Amma ölkə vətəndaşları bəzən bildirirlər ki, yarmarkalarda bazarla müqayisədə ucuzluq olsa da, bir sıra mallar keyfiyyətli olmur.