Navalnı başqa yerə köçürülüb

Aleksey Navalnı

Martın 12-də Polşa təmsilçisi BMT-nin İnsan Haqları Şurasında bəyanat səsləndirib. Sənəddə Rusiya hakimiyyətinin Navalnıya qarşı hərəkətləri “qəbuledilməz və siyasi motivli” adlandırılır

Rusiyalı müxalifətçi Aleksey Navalnının vəkilləri deyirlər ki, o, Vladimir regionundakı təcridxanadan naməlum yerə köçürülüb. Bu arada Qərb ölkələri onun dərhal azadlığa buraxılmasına çağırırlar.

Prezident Vladimir Putinin tanınmış tənqidçisi olan Navalnı ötən ay iki il yarım həbs cəzasına məhkum edilib. Onun mənimsəmə ittihamı üzrə şərti cəzanın şərtlərini pozduğu bildirilib, amma özü və insan haqları fəalları bu ittihamın siyasi məqsədlə quraşdırıldığını deyirlər.


Buna da bax: Moskva Vaşinqtonu cavab sanksiyaları ilə hədələyir

Vəkillərə görüş verilməyib

Martın 12-də Navalnının Twitter hesabında yerləşdirilmiş məlumata görə, müxalifətçinin vəkilləri iş gününün başlanğıcından təcridxanada olublar, amma müxtəlif bəhanələrlə onlara görüş verilməyib. Sonradan isə müxalifətçinin təcridxanadan çıxdığı deyilib.

Martın 3-də Navalnı Kolçuqino şəhərindəki 3 saylı təcridxanaya köçürüldüyünü bildirib. Amma onun sonucda Pokrov şəhərindəki cəzaçəkmə müəssisəsinə göndəriləcəyi gözlənirdi. Bu koloniya Rusiya Federasiyasının Avropa hissəsində ən sərt müəssisələrdən biri kimi tanınır.

Buna da bax: Məhkəmə ‘Putinin aşpazına’ ‘oğru’ dediyinə görə Navalnını cərimələdi

Navalnı yanvarın 17-də Berlindən Moskvaya qayıdarkən saxlanıb. O, Berlində zəhərlənmədən müalicə olunurdu. Özü zəhərlənməsinə görə birbaşa Prezident Vladimir Putini ittiham eləsə də, Kreml ittihamları rədd edir.

Martın 12-də Polşa təmsilçisi BMT-nin İnsan Haqları Şurasında bəyanat səsləndirib. Sənəddə Rusiya hakimiyyətinin Navalnıya qarşı hərəkətləri “qəbuledilməz və siyasi motivli” adlandırılır.

Bəyanatı əsasən Avropadan 45 ölkə imzalayıb. Amma ona imza atanlar içində Avstraliya, Kanada və Yaponiya da var.