Nazir AB elçisinə bunları deyib

Görüş

Bu gün, martın 12-də Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ilə Avropa Birliyinin (AB) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar arasında görüş baş tutub.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Açıqlamaya görə, C.Bayramov bölgədə mövcud olan cari vəziyyət, 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər barədə xüsusi nümayəndəni bilgiləndirib: "O cümlədən Ermənistan tərəfindən Azərbaycanın ərazilərinə hərbçilərini göndərmək cəhdləri, gündəlik əsasda insanların həyatı üçün birbaşa təhlükə təşkil edən mina xəritələrinin Azərbaycana verilməsindən imtina edilməsi kimi məsələlər barədə qarşı tərəfə məlumat verdi".

Məlumata görə, tərəflər, eyni zamanda, Azərbaycanla AB arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Azərbaycan Avropa Birliyi ilə "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əməkdaşlıq edir. Bu proqram 2009-cu ildə altı keçmiş sovet respublikasının AB ilə daha sıx inteqrasiyası məqsədilə yaradılıb. Gürcüstan, Moldova və Ukrayna artıq AB ilə assosiasiya sazişlərini imzalayıb. 2017-ci ildə isə Ermənistanla tərəfdaşlıq sazişi imzalanıb. Həmin ildən Azərbaycanla da eyni danışıqlar başlasa da, sazişin nə vaxt imzalanacağı bilinmir.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.