Qazaxıstanda təyyarə qəzaya uğrayıb

Qazaxıstanda təyyarə qəzası, 13 mart 2021

Almatı yaxınlığında içərisində altı sərnişin olan bir təyyarə qəzaya uğrayıb. İlkin məlumata görə, qəzaya uğrayan təyyarə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin sərhəd xidmətinə məxsus olub.

Son məlumata görə, təyyarədə olanlardan dörd nəfər həlak olub, iki nəfərsə ağır xəsarət alıb. Almatı meriyasının verdiyi məlumata görə, sağ qalan hər iki şəxs reanimasiyadadır.

Onların vəziyyətinin ağır olduğu bildirilir. Almatı hava limanının mətbuat xidmətindən verilən məlumata görə, Milli Təhlükəsizlik Komitəsinin Nur-Sultan - Almatı marşrutu ilə hərəkət edən An-26 təyyarəsi eniş edərkən qəzaya uğrayıb.

“Saat 17: 20-də əlaqə kəsildi. Dərhal həyacan siqnalı verildi. Bütün xidmətlərimiz hadisə yerin çatdı. Təyyarə uçuş-enmə zolağının yaxınlığında qəzaya uğradı ”, - deyə mətbuat xidməti bildirib.

Hadisə Almatı vilayətinin Kızıltu kəndi yaxınlığında baş verib. Qəzanın videoları internetdə yayılır. Bundan əvvəl, 2012-ci ilin dekabrında da Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin Sərhəd Xidmətinə məxsus An-72 təyyarəsi də Çimkent yaxınlığında qəzaya uğrayıb. Həmin vaxt 27 nəfər həlak olub.

Son 10 ildə Qazaxıstanda 7 təyyarə və vertolyot qəzası olub. Bu qəzalarda ümumilikdə 40-a yaxın adam ölüb.