Teymur Rəcəbovdan heç-heçə, Şəhriyar Məmmədyarovdan qələbə...

Britaniyada dünya çempionatı, arxiv foto

Teymur Rəcəbov heç-heçə edir, Şəhriyar Məmmədyarov qələbələrini sıralayır
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyası çərçivəsində keçirilən “Meltvater” turniri davam edir. Bu turnirdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov Ermənistan təmsilçisi Levon Aronyanla üz-üzə gəlib.
Turnirin 4-cü turunda baş tutan qarşılaşma heç-heçə başa çatıb.

T.Rəcəbovun birinci turda Niderland təmsilçisi Aniş Giri, daha sonra argentinalı Alan Piçot və üçüncü turda amerikalı Uesli So ilə də qarşılaşmaları heç-heçə başa çatıb. O daha sonra rusiyalı Daniil Dubovla qarşılaşacaq.

Şəhriyar Məmmədyarov, 6 may 2010

Turnirdə mübarizə aparan digər Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə birinci turda Ermənistan təmsilçisi Levon Aronyanı məğlub edib.

O, daha sonra rusiyalı Daniil Dubov, amerikalı Hikaru Nakamura ilə heç-heçə edib.Ş.Məmmədyarov niderlandlı Yorden Van Forestə də qalib gəlib. Beşinci turda onun rəqibi fransalı Maksim Vaşye-Laqrav olacaq.

Martın 21-dək davam edəcək yarışda ümumilikdə 16 şahmatçı mübarizə aparır.