Milli Məclis hökumətin hesabatını qəbul edib
Milli Məclis bu gün, martın 16-da keçirilən iclasında Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatı müzakirələrdən sonra qəbul edib.
Parlamentə hesabatı Baş nazir Əli Əsədov təqdim etmişdi.
Müzakirələr zamanı deputatlar qiymətlərin artdığını, bank faizlərinin yüksək olduğunu və başqa məsələləri qeyd ediblər. Baş nazir Ə.Əsədov deputatların qaldırdığı məsələlərin araşdırılacağını və mümkün addımların atılacağını deyib.
+++
"2020-ci il Azərbaycan xalqının tarixində şanlı səhifələrdən biri kimi yazılıb". AZƏRTAC-ın xəbərinə görə, bu fikri Baş nazir Əli Əsədov parlamentin martın 16-da keçirilən iclasında deyib.
Onun qeyd etməsinə görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük müharibə nəticəsində ərazi bütövlüyü bərpa olunub: "Bu zəfər həm də xalq-iqtidar birliyini nümayiş etdirdi. Azərbaycan Prezidentinin düşünülmüş, uzaqgörən siyasəti nəticəsində həyata keçirilən tədbirlər şanlı Ordumuzun qələbəsini şərtləndirdi".
Baş nazir bildirib ki, ötən il koronavirus pandemiyası ilə əlaqədar bir sıra çətinliklər olsa da, bir sıra mühüm hadisələrlə yadda qalıb: "Ölkəmizdə demokratik parlament seçkiləri keçirilib və çoxpartiyalı parlament formalaşıb".
Ə.Əsədovun sözlərinə görə, TAP-ın (Trans Adriatik Boru Kəməri) istismara verilməsi ötən ilin mühüm hadisələrindəndir: “Azərbaycan dünyada 10 ən islahatçı ölkə sırasında yer alıb, "Doing Business"in hesabatında yüksək yerlərdən birini tutub. Cənub Qaz Dəhlizinin istismara verilməsi isə Azərbaycanın Avropaya qaz ixracını reallaşdırıb".
Xatırlama
Ölkənin bir sıra müxalifət partiyaları isə hesab edir ki, ötən il keçirilən növbədənkənar parlament seçkiləri total şəkildə saxtalaşdırılıb və xalqın iradəsini ifadə etmir. Üstəlik, həmin müxalifət partiyaları Azərbaycanın ərazi bütövlüyünün tam bərpa edilmədiyini vurğulayırlar. Onlar qeyd edir ki, ötən ilki 44 günlük müharibə və Azərbaycan, Rusiya, Ermənistan rəhbərliyinin imzaladığı sazişə əsasən, işğal altında olan ərazilərin üçdə iki hissəsi geri qayıdıb. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.